Almaniyanın radikal mühafizəkar siyasi partiyalarından olan "Almaniya üçün Alternativ" partiyasının üzvü Stefan Kotre işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Almaniyalı siyasətçi seperatçı rejim tərəfindən qurulan "parlamentin" sədr müavini Vahram Balayan ilə görüşüb və Xankəndində basdırılan terrorçuların qəbirlərini ziyarət edib.
Stefan Kotre görüş zamanı bildirib ki, seperatçı rejimin Avropada tanıdılması istiqamətində fəaliyyət göstərəcəklər.
Məlumat üçün bildirək ki, "Almaniya üçün Alternativ" partiyası Almaniyanın Avropa Birliyinə daxil olmasının əleyhinədir. 2013-cü ildə təsis olunan partiya son seçkilərdə Avropa Parlamentinə millət vəkili göndərməyi bacarıb.
Onu da bildirək ki, ötən ay İsveçin Lund Universitetinin müəllimi, dünyada soyqırımların tarixini araşdıran Svante Lundqren də seperatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Bölgəyə qanunsuz səfər edən isveçli alim burada yerləşən universitetdə bir qrup müəllim və tələbələri üçün mühazirə oxuyub.
Bundan başqa aprel ayında Fransadan bir qrup həkim Qarabağa qanunsuz səfər edərək, tibb mərkəzlərindən birində xəstələr üçün əməliyyatlar həyata keçiriblər.
Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşları Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya salınır və onlar Azərbaycan üçün "Arzuolunmaz şəxs"lər hesab olunurlar. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən "Qara siyahı"ya əksəriyyəti Fransa və Rusiya vətəndaşları olan 803 əcnəbinin adı daxil edilib. Lakin, qeyd edək ki, Qarabağa səfər edən əcnəblərin sayı bundan dəfələrlə çoxdur. Onların böyük əksəriyyətinin kimliyini müəyyən etmək olmur, ya da bu işə məsul olanlar həmin şəxslərin kimliyini müəyyən edərkən öz işlərinə məsuliyyətlə yanaşmırlar.
Qarabağa səfər edən əcnəblərin siyahısı aşağıdakı linkdə yer alıb:
http://www.mfa.gov.az/folder/file/qanunsuz_seferler.pdf