İlham Əliyev Xalq artistinə "Şöhrət" ordeni verdi - SƏRƏNCAM


Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

Yeniavaz.com xatırladır ki, Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə doğulub. Rəqslə erkən yaşlarından məşğul olub. Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1951-1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyib. O, 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1970-ci il mayın 21-də xalq artisti fəxri adlarına layiq görülüb. Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu Maqsud Məmmədovun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.

Maqsud Məmmədov xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top