Gənc həkimdən prostat haqqında MƏLUMAT


Mingəçevir Mərkəzi xəstəxanasında Uroloji və Androloji müayinə, müalicə və cərrahiyyəsini gənc həkim Cavid İsayev bacarıqla həyata keçirir. Azərbaycan Tibb Universiteinin məzunu olan gənc həkim Mingəçevirdə bir sıra əməliyyatlar həyata keçirib. Bu günlərdə həkimlə görüşüb bəzi xəstəliklərin yaranma səbəbləri ilə bağlı məlumat aldıq. Həkim əvvəlcə qeyd etdi ki, daha çox kişilər arasında yayılan xəstəliklərdən biri də prostat vəzinin adenomasıdır: "Prostat vəzinin adenoması - prostat vəzinin xoşxassəli şişidir. Buna görə də bu xəstəliyin digər rəsmi adı – prostat vəzinin xoşxassəli hiperplaziyası (boyüməsi). Prostat vəzinin adenoması kişilər arasında çox yayılmış xəstəlik olub, adətən, yaşı 40-dan yuxarı olan kişilərdə təsadüf edilir.

Prostat vəzinin adenomasının əmələ gəlməsinin əsas səbəbi bu günə qədər hələ də dəqiq müəyyən edilməmişdir. Ancaq xəstəliyin daha çox yaşlı kişilərdə inkişaf etməsini nəzərə alaraq, həkimlər onun əsas səbəbini yaşın artması ilə əlaqədar olaraq, qanda kişi cinsi hormonu olan testosteronun azalması ilə izah edirlər. Bundan başqa, prostat vəzi adenomasının inkişaf etməsinə təsir edə bilən digər faktorlar isə aşağıdakılardır:
irsiyyət faktoru;
sidik kanalı, böyrəklər və sidik kisəsinin iltihabi xəstəlikləri; 
sidik-cinsiyyət üzvlərinin travmaları;
oturaq iş və yaşayış tərzi;
spirtli içkilərin qəbul edilməsi;
tez-tez baş verən qəbizliklər;
qaydasız cinsi əlaqələr;
immunitetin zəifləməsi və s”.

Bəs prostat vəzinin adenoması hansı əlamətlərlə özünü büruzə verir?
Həkim bildirdi ki, xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından sikayət edirlər: "Oyanandan sonra isə xəstə sidik kisəsini dərhal boşalda bilmir və bir müddət müəyyən qədər güc verməli olur. Bu zaman sidiyin axın sürəti də zəifləmiş olur və arabir hətta kəsilə də bilir.

Xəstəliyin ikinci mərhələsində sidik ifrazı pozğunluqları daha da artmağa başlayır. Sidik ifrazının tezliyi daha da artır, axşamlar xəstə sidik ifrazına bir neçə dəfə durur. Bəzi hallarda sidik ifrazı dayanmış olur və xəstə uzun müddət sidik ifraz edə bilmir. Xəstədə sidik ifrazının əvvəlində və sonunda ağrı olur, aralıq, qasıq, xayalıq nahiyəsində sızıldayan ağrılar, ereksiya və toxum xaricetmə pozğunluqları baş verir.
 
Prostat böyüməsinin (adenomasının) müalicəsi
Prostat adenomasının müalicəsi zamanı həm medikal (dərmanlarla) həm də cərrahi üsullardan istifadə edilir. Burada prostatın çəkisi və sidik ifrazının hansı vəziyyətdə olduğu çox önəmlidir. Ən doğrusu 50 yaşa çatmış hər kişinin həyatında bir dəfə etməli olduğu-həkimə gedib prostat müayinəsindən keçmək və irəlidəki illərdə qarşılaşacaq bu problemləri vaxtında aşkar etmək, düzgün məsləhətlər və müalicələr almaqdır. Prostat adenoması zamanı hər bir xəstəyə individual yanaşılır yaş, xəstənin ümumi vəziyyəti və.s dəyərlər nəzərə alınaraq medikal (dərman) yoxsa cərrahi müalicə seçilir.
 
Cərrahi müalicə
Bu gün üçün qızıl standart Bipolar TUR-P-dir (Transurethral resection of prostate) yəni heç bir kəsik aparmadan sidik kanalından endoskopik üsullarla girilərək böyümüş prostat hissələrinin rezeksiya (kəsilib çıxarılması) edilməsidir. Çəkisi 80 qr-dək olan prostatların TURP olması tövsiyə olunur.
Bu əməliyyatın əməliyyat zamanı və sonrası heç bir fəsadı və yaxud ağırlaşma halı olmur. Ən əsası tur sindromu riski yoxdur”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top