Prezident: Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq


Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq.

Bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.

Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim".

Dövlət başçısı deyib ki, Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir:

"Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır".

DİGƏR XƏBƏRLƏR

Top