Anasına görə ölkə rəhbərliyinə müraciət edən GƏNC MÜƏLLİMDƏN TƏŞƏKKÜR


Gəncə şəhər 26 nömrəli məktəb-liseyin bədən tərbiyəsi müəllimi Murad Məmmədov qaraciyər xəstəliyindən əziyyət çəkən anası Mahirə Məmmədova ilə bağlı müraciətini cavabsız qoymadığına görə Heydər Əliyev fonduna təşəkkür edib. 

Yeniavaz.com-a açıqlama verən gənc müəllim bildirib ki, anası üçün özü donor olub: "Bir müddət öncə anamın xəstəliyi ilə bağlı etdiyiniz çəkilişə və bu məsələni işıqlandırdığınıza görə Yeniavaz.com saytına təşəkkürümü bildirirəm.

Mən həmin çəkiliş zamanı ölkə rəhbərliyinə müraciət etmişdim. 24 may tarixində Heydər Əliyev Fondunun əməkdaşları anamı qaraciyər xəstəliyi ilə əlaqədar Mərkəzi Gömrük Hospitalına yerləşdirdilər. Bütün xərcləri qarşılayırlar. Mən onlara da minnətdarlığımı bildirirəm. Donor mənim özüməm. Analizləri vermişik və mən son analizi bu gün verəcəm. Mən donor kimi qaraciyər transplantasiyası üçün 95 faiz uyğun gəlirəm. May ayının 30-da sənəd işləri yekunlaşacaq. Əməliyyat isə böyük ehtimalla iyun ayının əvvəlində aparılacaq".

Xatırladaq ki, aprelin 24-də M. Məmmədov Yeniavaz.com vasitəsilə aidiyyətı qurumlara və ölkə rəhbərliyinə müraciət edərək anasının xəstəliyinin müalicəsi üçün kömək istəmişdi. Həmin müraciətin videosunu təqdim edirik.


Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top