Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən qəza baş verib


Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avto qəza baş verib. Belə ki, bu gün səhər saatlarında mikroavtobus yolu keçən süd satan piyadanı vuraraq öldürüb.

Yeniavaz.com xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib. Şəhər daxili 4 saylı marşurut üzrə hərəkət edən mikroavtobus kimliyi hələlik məlum olmayan, təqribən 55-60 yaşlı qadını vuraraq ağır xəsarət yetirib. Hadisə piyada yolu keçmək istəyərkən baş verib. Onun süd satan olduğu deyilir. Qəza nəticəsində qadının satmaq üçün götürdüyü süd və qatıq məhsulları yola dağılıb.
Ətrafındakıların köməyi ilə xəstəxanaya qaldırılan yaralı qadın ora çatanadək yolda keçinib. Ölən piyadanın kimliyi məlum deyil və hazırda dəqiqləşdirilir.
Qeyd edək ki, qəza zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü işlədiyi marşurut xəttə üzrə yola çıxırmış. Hadisə də məhz bu zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top