Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktları var. Bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
A.Veysəlova deyib ki, bu, daha çox açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü biruzə verir:
"Məsələn, məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur. İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, "araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib"”.
Komitə rəsmisinin sözlərinə görə, nəinki qadınlarla, ümumiyyətlə insan amili olan proseslərdə diqqətli olmaq lazımdır.
A.Veysəlova dəyib ki, problemləri gizlətmək yox, açmaq lazımdır: "Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar. Deyirəm mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin!". (modern.az)