İnternetinizin sürəti zəif, qiyməti isə bahadır? - Ekspert səbəbləri AÇIQLADI


Ölkəyə internetin bir mərkəzdən paylanması bu işlə məşğul olan özəl şirkətləri belə qiymət qoymağa məcbur edir. Bunu Yeniavaz.com - a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda internetin keyfiyyətinin aşağı, qiymətinin isə baha olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  interneti yayan həmin mərkəzə də dövlət qurumu nəzarət edir: "İlk növbədə ölkədə internet provayderi, yəni ölkəyə internetin girdiyi ana xəttin inhisarçı bir şirkətə məxsus olmasından qaynaqlanır. Çünki o ana xəttə qoşulan müxtəlif şirkətlər olsa da, o xəttə nəzarət edən dövlət qurumudur deyə tarifləri özü müəyyənləşdirir. Buna görə də internetin paylanması ilə məşğul olan özəl şirkətlər məcbur bu tarifləri nəzərə alaraq qiymət təyin edirlər. Ölkəyə internetin bir mərkəzdən paylanması qiymətin yüksək, keyfiyyətin isə aşağı olmasına səbəb olan əsas faktorlardan biri, bəlkə də birincisidir. Həmin mərkəzin dövlət müəssisəsinə aid olması qiymətə və keyfiyyətə təsir edən əsas amillərdən biridir".

Ekspertin fikrincə, isə bu problemin yeganə həlli ölkədə bu sahədəki rəqabətliliyi artırmaqdır: "Mobil xidmətdə də vəziyyət eyni qaydadadır. 3 şirkətin olmasına baxmayaraq, bu sahədə də elə də ciddi bir rəqabətlilik mövzusu olmur. İnternetin sürətinin və keyfiyyətinin artırılması, qiymətinin aşağı düşməsi qlobal anlamda rəqabətli mühitdən doğan məsələlərdən biridir. Yəni rəqabətli mühit daha da gücləndirilməlidir ki, bununla bağlı Azərbaycanda da irəliləyişə nail olmaq mümkün olsun".

Qeyd edək ki, 2019 "Speedtest" qlobal indeksinə əsasən, Azərbaycan internetin sürətinə görə 121-ci pillədə qərarlaşıb. Ölkədə genişzolaqlı internetin sürəti saniyədə 14,6 MB təşkil edir. İlk pilləni tutan Sinqapurda bu göstərici 197,5 MB-dir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top