2016-cı il aprel döyüşlərinin bütün təfərrüatlarının araşdırılması üzrə parlament komissiyasının yaradılmasının vaxtı çatıb. Yeniavaz.com "Sputnik" saytına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Ermənistanda konkret qüvvələr Qarabağ və Ermənistandakı ermənilər arasında parçalanma yaratmaq istəyirlər: "Rüşvətlə ələ alınan sistemdən Qarabağ erməniləri daha çox əziyyət çəkib. Həmin sistem Ermənistan hökuməti və Baş nazirinə qarşı təbliğat aparmaq üçün öz şəxsi əlaqələrindən istifadə edir".
N. Paşinyan əlavə edib:"Bütün faktları öyrənib görürəm ki, bütün bunların arxasında əlbirlik dayanır. Məqsəd yeni müharibə çıxarmaq və hətta bəzi əraziləri verməklə məsuliyyəti hökumətin üzərinə atmaqdır. Bu fəaliyyəti dövlətə xəyanətə bənzər hesab edirəm. Baş nazir, Silahlı Qüvvələrin Ali baş komandanı kimi belə əlbirliklərin qarşısını almaq üçün ən sərt tədbirlər görəcəyəm".