"Huawei" telefon sahiblərinə PİS XƏBƏR


"Google" korporasiyası Çinin şirkəti ilə biznes əlaqələri dayandırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Google" ABŞ hakimiyyəti "Huawei" şirkətini qara siyahıya daxil etdikdən sonra belə bir qərar alıb.

Belə ki, ABŞ-ın Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən Çinin "Huawei" telekommunakisya şirkətini və onunla bağlı hüquqi şəxsləri mayın 16-da qara siyahıya salmaq qərarına gəlib. Bundan sonra "Google" korporasiyası Çin şirkəti ilə biznes əlaqələri dayandırıb. Ardından "Intel", "Qualcomm", "Xilinx" və "Broadcom" şirkətləri Çin nəhənginə öz işləmələri və proqram təminatlarını tədarük etməyi dondurublar.

ABŞ Prezidenti Donald Tramp mayın 15-də Amerikanın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejimini tətbiq edən icra fərmanı imzalayıb.  D. Tramp 2018-ci ilin avqustunda "Huawei" və Çinin digər şirkəti ZTE-nin istehsal etdiyi avadanlıqların hökumət orqanlarında istifadəsini qadağan edib.

Biznes əlaqələrin pozulması praktikada o deməkdir ki, "Huawei" şirkəti "Google" korporasiyasının texnologiyaları və proqram təminatlarına giriş əldə edə bilməyəcək. Açıq girişdə təqdim olunan məhsullar istisna təşkil edəcək. "Huawei" istehsal etdiyi smartfonların təchiz olunduğu "Android" sistemlərinin yenilənməsinə girişdən məhrum olacaq. Bundan başqa, Çin şirkəti "Google" proqramlarını, məsələn, "Google play" mağazasını və "Gmail" elektron poçtunu öz mobil qurğularının növbəti modellərində quraşdıra bilməyəcək.

"Google"dan bildiriblər ki, "Google Play" və "Google Play Protect" tətbiqləri artıq "Huawei" qurğularına sahib olmuş istifadəçilərdə işləməyə davam edəcək. Korporasiya nümayəndəsi Çin şirkəti ilə işgüzar əlaqələrin dayandırılması barədə məlumatı təsdiq edib. "Google" digər təfərrüatları açıqlamayıb.

Ardından ABŞ hakimiyyəti "Huawei"yə qarşı bəzi ticari məhdudiyyətlərin müvəqqəti təxirə salınması imkanı barədə məlumat verib. Burada məqsəd Çin şirkətinin artıq mövcud müştərilərinin işinin pozulmaması üçün şərait yaratmaqdır. Söhbət 90 gün müddətinə müvəqqəti lisenziyaların verilməsindən gedə bilər. Təxirə salınma yeni sazişlərə şamil edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top