Bu partiya yaranarsa, AKP-də kəskin parçalanmalar yarana bilər - Politoloq


Türkiyədə mərkəz-sağçılarla mübarizə apara biləcək partiyaya ehtiyac var. Bu partiya yaranarsa, Ədalət və İnkişaf Partiyasında (AKP) kəskin bölünmələr və parçalanmalar yarana bilər. Bunu Yeniavaz.com - a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyədə yeni partiyanın yaradılma ehtimalına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Türkiyə KİV-də yayılan məlumata görə, keçmiş Baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında sabiq nazir Əli Babacan da iştirak edəcək.

Onun sözlərinə görə, son seçkilərə nəzər salan hər kəs artıq AKP-yə Türkiyədə elə də ciddi ehtiyacın duyulmadığını görə bilər: "Mənim zənnimcə, həmin adamlar düzgün hərəkət edirlər. Yəni mərkəz-sağın əsas partiyası sayılan Ədalət və İnkişaf Partiyası artıq kütlələr arasında nüfuzdan düşməyə başlayıb. Son seçkilər də onu göstərir ki, insanlar artıq bu partiyaya o qədər də ciddi ehtiyac duymur. Üstəlik son vaxtlar Türkiyədə xarici siyasətdə buraxılan səhvlər, Rusiya ilə ardı-arası kəsilməyən yaxınlaşmalar, Amerika və NATO-ya qarşı atılan addımlar, qonşularla münasibətlərin qorunmaması, iqtisadi inkişafda yaranan problemlər, lirənin öz dəyərini itirməsi ölkənin yerində addımlamasına səbəb olub. Həmçinin, beynəlxalq münasibətlərdə də ölkənin siyasi qərarları kifayət qədər təhdidkardır".

Q. Hüseynlinin fikrincə, yeni partiya yaradılarsa, bunun hazırki iqtidarla mübarizədə yeni bir güc mərkəzinə çevrilməsi real görünür: "Mən Əhməd Davudoğlunu AKP-nin ən nüfuzlu və intellektual şəxslərindən hesab edirəm. O, professordur və həmin partiyanın rəhbəri, Baş nazir olub. Həmin partiyanın bünövrəsinin qoyulmasında Abdulla Gül və Əli Babacan da yaxından iştirak ediblər. Hətta Ərdoğana yaxınlığı ilə seçilən Bülənt Arıncın özü də AKP-nin indiki addımlarını bəyənmir və onu kəskin şəkildə tənqid edir. Buna görə də mənim zənnimcə, baş verən hadisələrə nəzər salsaq görərik ki, mərkəz-sağçılarla mübarizə aparabiləcək belə bir partiyaya ehtiyac var. Bu partiya yaranarsa, AKP-də kəskin bölünmələr və parçalanmalar yarana bilər. Hazırkı deputatların 30-a qədərinin də yeni yaradılacaq partiyanın sıralarına qoşulacağı ehtimal edilir. Bu partiyanın bütövlükdə hakimiyyət uğrunda mübarizədə yeni bir güc mərkəzinə çevrilməsi kifayət qədər real görünür".
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top