Azərbaycanın imzalamaqdan imtina etdiyi sənəd və Avropanın qəribə addımı - Politoloq baxışı


"Avropa öz prinsiplərinə sadiq qalmalı idi. Burada söhbət təkcə Azərbaycandan getmir, Gürcüstan və  Ukrayna üçün də bu məsələ önəmlidir". Bunu Yeniavaz.com - a açıqlamasında politoloq Elxan Şahinoğlu Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı yaşanan diplomatik qalmaqala münasibət bildirərkən deyib.

Xatırladaq ki,  Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib və onun dəyişdirilməsini istəyib. Lakin bəyannamənin mətnini dəyişdirilməyib və əvəzində statusu aşağı salınıb. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

Onun sözlərinə görə, hər nə qədər xoşagəlməz hal olsa da, belə bir hadisə Avropa-Azərbaycan münasibətlərinə təsir edə bilməz: "Əlbəttə bu, xoşagəlməz haldır. Mənim üçün də qəribədir. Necə olub ki, bu sənəd əvvəlcədən ölkələrin nümayəndələrinə verilməyib ki, bir dialoq mühiti yaransın. Qəfil ortaya paylanan zaman da bəlli olub ki, burada ərazi bütövlüyü məsələsi ön planda deyil. Amma hesab etmirəm ki, bəyannamənin bu şəkildə yayılması Avropa-Azərbaycan münasibətlərinə mənfi təsir göstərsin. Çünki Avropa Parlamenti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Düşünürəm ki, yaxın müddətdə Azərbaycan Avropa ilə strateji əməkdaşlıq sazişini də imzalayacaq. Hər halda yenə də xoşagəlməz hal idi. Çünki Avropa öz prinsiplərinə sadiq qalmalı idi. Burada söhbət təkcə Azərbaycandan getmir, Gürcüstan və Ukrayna üçün də bu məsələ önəmlidir".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top