"Ordumuzun hərəkətə keçməsinin vaxtı çatıb" - Qarabağ qazisi


Azərbaycanla Ermənistan arasında 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasından 25 il keçdi. Əsrin dördə biri arxada qalsa da, bu müddətdə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan qalıb. Artıq Azərbaycan cəmiyyətinin, demək olar, bütün kəsimlərində məsələnin sülh yolu ilə həllinə inam qalmadığı, atəşkəs rejiminin daha çox ermənilərin xeyrinə işlədiyi rəyi hakimdir.

Siyasi təhlilçilər, keçmiş döyüşçülər isə açıq şəkildə bəyan edirlər ki, Azərbaycan təcili olaraq hərbi əməliyyatlara, partizan müharibəsinə başlamalıdır.

Politoloq Qabil Hüseynli “Hürriyyət”ə bildirib ki, ermənilər ruslarla bir gündə, yəni 9 mayda qələbə gününü qeyd etməsi və tədbirləri Şuşa şəhərinə salması ilə açıq surətdə Azərbaycana mesaj verirlər ki, bəli, müharibə olub, müharibədə qələbə çalmışıq, qələbənin nəticələrini də qeyd edirik: “Eyni zamanda, onu da nəzərə çatdırırlar ki, qan töküb torpaq almışıq, gücünüz çatarsa, siz bu torpaqları yalnız müharibə yolu ilə geriyə qaytarmalısınız. Bizim isə indi gücümüz, bu torpaqları geriyə qaytarmaq imkanımız ola-ola bunu həyata keçirə bilmirik. Bu gün hamımız, Azərbaycan əsgəri də, döyüş komandirləri də müharibəyə hazırıq. Amma açıq etiraf etmək lazım gəlir ki, Azərbaycan ordusunun hücumu qarşısında erməni əsgəri deyil, rusun bu ərazilərə səpələnmiş saysız-hesabsız bazaları və qüvvələri dayanır. Bu yaxınlarda ermənipərəst, rus Tarasov müsahibəsində bildirdi ki, əgər bölgədə müəyyən tarazlığa  riayət edilməsə, rus tankları Araz çayına qədər gedib çata bilər. Bunu ilk dəfə Tarasov belə açıqlığı ilə deyir. Amma biz çox gözəl bilirik ki, bölgədə müharibənin baş verməsinə əsas maneə Rusiyadır. Bəzən hətta Rusiya çaşıb ermənilərə deyir ki, ”o torpaqlar sizin torpaqlar deyil, bizim torpaqlardır, biz  işğal etmişik və bizim də nəzarətimiz altındadır. Biz necə istəsək, o cür də həll olunacaq". Bu nöqteyi-nəzərdən vəziyyət çox ağırdır.

Azərbaycan dövləti lokal müharibələr və partizan hərəkatı yolu ilə işğal edilmiş ərazilərimizin azad edilməsi üçün yavaş-yavaş irəliləyə bilər. Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Ermənistanda təkcə siyasilər yox, hətta orta və aşağı səviyyəli insanlar da milliyyətçilik azarına tutulub və onlarla danışıq aparmağın heç bir mənası yoxdur. Sadəcə olaraq ermənilər güc görməlidirlər. Ermənilər görməlidirlər ki, onların qarşısında duran dövlət itirdiyi torpaqların itirilməsi ilə barışmayacaq. Bu yolda müxtəlif taktiki variantlara əl atmaq lazımdır. Uzun müddətdir ki, bir neçə şəxsin dilindən partizan müharibəsi kəlməsi səsləndirilib. Həmin yerlərdən qaçqın düşmüş adamların içərisində çoxlu partizan müharibəsi həvəsində olan adamlar var və Azərbaycan dövləti özünün sıravi döyüş qüvvələrinin içərisində xüsusi təyinatlı qruplar da hazırlayıb, lokal müharibələr yolu ilə işğal edilmiş ərazilərimizin azad edilməsi üçün yavaş-yavaş irəliləyə bilər. Bu, sadəcə olaraq bir təklifdir".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da təcili hərbi əməliyyatlara, həmçinin partizan hərəkatına başlamağın vaxtının çatdığını bildirdi. O, qeyd etdi ki, Azərbaycan 25 illik atəşkəs rejiminin bitdiyini elan etməlidir və torpaqlarının azad olunması üçün hərbi variantı seçməlidir: “Azərbaycanla Ermənistan arasında imzalanmış rüsvayçı atəşkəs sazişinin 25 illik ”yubileyini" və bu sazişin hələ də qüvvədə qalmasını qəzəb və nifrət hissi ilə  qeyd edirik. Həmin sazişin həmin dövrdə imzalanması bəlkə də müəyyən şərtlərdən irəli gəlirdi, lakin bu qədər vaxt ərzində qüvvədə saxlanılması yolverilməzdir və Azərbaycanın maraqlarına cavab vermir. Bu saziş 25 il ərzində Ermənistanın işğalçı və ilhaqçı niyyətlərinin həyata keçirilməsinə şərait yaradıb. Bu saziş beynəlxalq təşkilatların, bəzi dövlətlərin Azərbaycana qarşı yeritdikləri məkrli siyasətin göstəricisidir. Beynəlxalq təşkilatlar bu sazişin qorunub saxlanılması ilə işğalçı Ermənistanı himayə edir, status-kvonun dəyişdirilməsinə imkan vermirlər.

Atəşkəs rejiminə hələ də əməl edilməsi Qarabağın azadlığı işinə xidmət etmir. 25 il atəşkəs olmaz, bu, anormal haldır. Beynəlxalq təşkilatlar, birinci növbədə ATƏT Minsk qrupunun həmsədr ölkələri cavab verməli, aydınlıq gətirməlidirlər ki, nə üçün 25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin  nizamlanmasına nail ola, Ermənistanı işğalçı hərəkətlərindən geri çəkindirə bilməyib və ya istəməyiblər. Azərbaycanın tam haqqı var ki, atəşkəs rejiminə xitam versin. Ona görə də Azərbaycan birtərəfli qaydada atəşkəs sazişindən çıxmalı və torpaqlarımızın azad olunması üçün azadlıq müharibəsinə başlamalıdır".

Qarabağ qazisi Rey Kərimoğlu da Azərbaycan Ordusunun hərəkətə gətirilməsinin vaxtının çatdığını bildirdi: "Azərbaycan ordusu Qarabağı işğaldan azad etmək gücündədir. Heç Rusiya da bizə mane ola bilməz. Amma təəssüf ki, bu məsələni uzadırıq. Hərbi əməliyyatlara başlamaqdan başqa yol yoxdur”. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top