Azərbaycanın atəşkəs sazişini imzalamaqdan başqa çıxış yolu yoxuydu - POLİTOLOQ


Atəşkəs sazişi imzalanan zaman Azərbaycanın maraqlarına cavab verirdisə, indi bu hal yalnız Ermənistanın maraqlarına cavab verir. Bunu Yeniavaz.com -a açıqlamasında politoloq Elxan Şahinoğlu atəşkəs sazişinin imzalanmasının 25 ilinin tamam olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin  vaxt Azərbaycanın başqa çıxış yolu yox idi: "Müqavilə imzalanan tarixdə bizim başqa yolumuz yox idi, çünki hələ ordumuz güclənməmişdi, müxtəlif təhlükələrlə üz-üzə qalmışdıq, daxili sabitlik hələ tam bərpa olunmamışdı və qonşu ölkələrdən də bizə qarşı təhlükələr mövcud idi. Ona görə də biz bu sazişi imzalamağa məcbur qaldıq. Bu müddətdə ordumuz yeni hərbi texnikalarla gücləndi.

E. Şahinoğlu hesab edir ki, indi artıq atəşkəsin bu şəkildə uzanması bizim maraqlara cavab vermir: "Bu, düşmənin maraqlarına cavab verir ki, status-kvonu uzatsınlar. Biz artıq hərəkət etməli və fəallığımızı artırmalıyıq. Sülh danışıqlarında heç bir nəticənin olmadığı halda atəşkəsin davam etməsi, işğalın da davaç etməsi deməkdir. Ona görə də atəşkəsin bu şəkildə davam etməsi bizim maraqlara cavab vermir. 2016-cı ilin aprel əməliyyatı və  ötən il keçirilən  Naxçıvan əməliyyatı göstərir ki, biz ancaq güc yolu ilə nələrisə geri ala bilərik. Paşinyanın son təxribatı, Şuşada yallı getməsi ondan xəbər verir ki, yeni hakimiyyətin də mərhələli hərbi planı qəbul etməyə həvəsi yoxdur. Onlar da keçmiş hakimiyyət rəhbərləri kimi atəşkəsin uzanmasında maraqlıdırlar. Çox təəssüf ki, həmsədrlərin də danışıqları irəli aparmaq və işğalçıya təsir göstərmək üçün heç bir fəaliyyətləri yoxdur".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top