Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, biletlər sektordan asılı olmayaraq 50 manat təşkil edir.
Bu barədə “Neftçi”nin rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Biletlərin 50 manata satışa çıxarılması Azərbaycan futbol tarixində ilkdir. Heç vaxt daxili çempionat oyunlarına biletlər bu qədər yüksək məbləğə satılmayıb. Biletlərin qiyməti 1-5 manat arasında dəyişirdi.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu saat 18:00-da, “Bakcell Arena”da keçiriləcək.
Məsələ ilə bağlı “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Oxu.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycan derbisidir, ona görə də biletlərin qiymətini 50 manata qaldırılıb: “Neftçi” - “Qarabağ” oyunu çempionatın son turunun mərkəzi qarşılaşması olduğuna görə çox sayda azarkeşin gələcəyi gözlənilir. Bu üzdən biz də biletlərin qiymətini qaldırmaq qərarına gəldik. İstəyən pul verib, bilet alsın. Ümumiyyətlə, bizdə həmişə biletlər oyun günü satılıb. Yəni bu oyun üçün əvvəlki günlərdə 1 manatlıq bilet heç kimə satılmayıb”.