"Topdan satış"ı ucuzlaşan interneti ucuz ala biləcəyikmi? - AÇIQLAMA


Bu addım Azərbaycanın internet bazarında canlanma yaradacaq, inkişafa müəyyən dərəcədə kömək göstərəcək.
Bunu Yeniavaz.com-a Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Delta Telekom LTD” MMM-nin provayderlərə təklif olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim edəcəyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Delta Telekom LTD” MMM bu yanaşması normaldır: "İndiyədək 30-40 provayder "Delta Telekom LTD"dan internet alıb əhaliyə satırdı. Əgər provayderlər interneti bu günədək baha qiymətə satırdısa, bundan sonra satdığı internetin qiymətini ucuzlaşdırmalıdır".

O. Gündüz qeyd edib ki, Azərbaycan bazarında internetin keyfiyyəti və sürətində problemlər var: "Qonşu ölkələrlə müqayisədə Azərbaycanda internetin keyfiyyəti və qiyməti yetərli deyil. Azərbaycanda özünəməxsusluq ondan ibarətdir ki, dövlət provayderlərinin xüsusi çəkisi yüksəkdir. İnternet bazarının 50 faizi dövlət provayderlərinin əlindədir. Yəni "Aztelekom" və "Baktelecom"u nəzərdə tuturam. Dövlət provayderləri də internetin qiymətini aşağı salmırdılar".

"Delta Telekom LTD"nin sözügedən addımının provayderlər tərəfindən dəyərləndirilməli olduğunu deyən AİF prezidenti hesab edir ki, bundan sonra  provayderlər iki cür addım ata bilərlər: "Ya internetin qiymətini aşağı salmadırlar, ya da qiyməti saxlayaraq sürəti artırmalıdırlar".

"Bəs provayderlər son istifadəçiyə satdıqları interenetin qiymətini ucuzlaşdıracaqmı" sualına O. Gündüz cavab verməkdə çətinlik çəkdiyini bildirib: "Hər halda 70% böyük rəqəmdir. Bu artıq internetin qiymətində cüzi deyil, yetərincə özünü göstərməlidir".

Xatırladaq ki,Delta Telekom LTD” MMM 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təklif olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunacağını açıqlayıb. Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.

Məftun Salmanov

DİGƏR XƏBƏRLƏR

Top