Şəkər xəstələri oruc tuta bilərlər? - Həkim MƏSLƏHƏTİ


Müsəlmanlar üçün Ramazan ayı oruc tutma ayıdır. Bəzən şəkərli diabet xəstələri də oruc tutmaq istəyir, lakin şəkərləri kontrol altında olmayan xəstələr uzun müddət aclıqdan sonra bir çox risklərlə qarşılaşa bilərlər. Yeniavaz.com xəbər verir ki, bunu həkim-endokrinoloq Vüsalə Atakişizadə bildirib.

Həkim-endokrinoloqun Ramazan ayında oruc tutmaq istəyən diabet xəstələri üçün tövsiyyələrini təqdim edirik:
Diabetli xəstələrin oruc tutub-tutmamasına həkim-endokrinoloq qərar verməlidir. Xəstəliyin gedişatına əsasən pasientlər risk qruplarına ayrılmalı və riskin dəyərləndirilməsinin nəticəsinə əsasən oruc tutma qərarı həkim və pasientin birlikdə razılığı əsasında verilməlidir. Səhhəti yerində olan, şəkəri kontrol altında olan pasientlər oruc tuta bilərlər.
ÇOX YÜKSƏK RİSKLİ XƏSTƏLƏR;
- Ramazandan öncəki 3 ay ərzində hipoqlikemiya (şəkərin düşməsi) riski;
- Hipoqlikemiyanı hiss etməyən pasientlər;
- Qan şəkərləri kontrol altında olmayan pasientlər;
- Ramazandan öncəki 3 ay ərzində diabetik koma tarixçəsi olan pasientlər;
- Brittle tip 1 şəkərli diabet xəstələr;
- Ağır fiziki işlə məşğul olan insanlar;
- Hamilələr;
- Xroniki dializ xəstələri;
YÜKSƏK RİSKLİ XƏSTƏLƏR:
- Qanda şəkərin miqdarı 150-300mq/% və ya HbA1C 7.5-9% olan pasientlər;
- Diabetik nefropatiyalı xəstələr (böyrəklərin zədələnməsi);
- Diabetik retinopatiyası olan xəstələr (göz damarlarının zədələnməsi);
- Böyrək çatışmazlığından əziyyət çəkənlər;
- İnsulin müalicəsində olan tək yaşayan pasientlər;
- Səhhəti yerində olmayan yaşlı pasientlər;
- Psixatrop dərmanlar qəbul edən pasientlər;
RİSKİ AZ OLAN XƏSTƏLƏR:
- Diabetik ağırlaşmaları olmayan pasientlər;
- Yanaşı xəstəlikləri olmayan pasientlər;
- Şəkərləri yüngül şəkərsalıcı həblərlə kontrol altına alına bilən pasientlər.
Oruc tutmasına icazə verilən pasientlər Ramazandan ən azı 2 ay əvvəl həkim müayinəsindən keçməli, müvafiq qan analizlərinə baxılmalı, ramazana görə təlimlərdən keçməli, uzun müddət ac qalmanın diabetlərdə yarada biləcəyi risklər izah olunmalı , pəhriz və dərman müalicəsində düzgün korreksiyalar aparılmalıdır.
Orucluq zamanı şəkər xəstələrində rast gəlinə biləcək ağırlaşmalar:
- Qanda şəkərin kəskin düşməsi;
- Qanda şəkərin çox yüksəlməsi;
- Diabetik ketoasidoz (xüsusilə, Ramazan öncəsi şəkərləri konrolda olmayan və özbaşına insulinin dozasını azaldan şəkərli diabet 1-ci tiplərdə görülür);
- Dehidratasiya və tromboz (susuzlaşma və qanın qatılaşması). Xüsusilə Ramazan ayının yay aylarına təsadüf etdiyi vaxtlarda oruc tutan və ağır fiziki işlə məşğul olan kişilərdə müşahidə olunur;
ORUCUN DAYANDIRILMASI:
- Qanda şəkər 70mq%-dən aşağı düşərsə;
- Qanda şəkər 300mq%-dən yuxarı qalxarsa orucu dayandırmaq lazımdır.
RAMAZANDA QİDALANMA:
- Bol su və şəkərsiz mayelər qəbul olunmalı;
- Təzə meyvə və tərəvəzlər yeyilməli;
- Tərəvəzlər çiy halda və ya qaynadılıb yeyilməlidir.
- Ət məhsulları soyutma, közləmə və ya sobada hazırlanmalıdır.
- Sahurda çətin mənimsənilən tərəvəzlər, iftarda isə bəsit karbohidratlarla qidalanma məsləhət görülür.
Tutduğunuz orucların qəbul olunması diləyilə ...


 
 

DİGƏR XƏBƏRLƏR

Top