Aİ ilə Azərbaycan arasında sazişin nə vaxt imzalanacağını səfir də bilmir


“Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesi bitən kimi sənəd imzalanacaq və bu dəqiq, hərtərəfli anlaşma bizim gələcək əməkdaşlığımızın yeni əsası olacaq”. Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas BBC News Azərbaycancaya belə deyib. Kestutis Yankauskas Azərbaycanla Aİ arasında imzalanması gözlənənilən sazişin detalları barədə danışmasa da, texniki işlərin tez bitirilməsi üçün səy göstərdiklərini bildirib: “Proses gedir, biz sona yaxınlaşırıq. İşləyirik ki, bu anlaşma imzalansın. Hələliksə, danışıqlar prosesi davam edir. Sazişin nə vaxt imzalanmasına dair hazırda heç bir təxminim yoxdur. Azərbaycan indiyədək qarşısına qoyulan öhdəliklərə əməl edib, hələ də buna çalışır. Düşünürəm ki, bizim əməkdaşlığımız buna nail olmağa gətirib çıxarıb. Biz indiyə kimi edilmiş işlərdən razıyıqmı? Bəli. Daha yaxşı ola bilərdimi? Bəli. Gələcəkdə biz daha yaxşı etməliyikmi? Bəli”.

Azərbaycanla Aİ arasındakı öncəki anlaşmanın tarixinin 90-cı illərdə başladığını xatırladan Yankauskas, anlaşmanın həmin vaxtların reallığını əks etdirdiyini, amma həmin reallığın indi də qüvvədə olduğunu söyləyib: “Həmin reallıq qüvvədədir, amma indi dünya daha çox irəli gedib və yeni əməkdaşlıq ”yeni tənzimlənən əsaslar" tələb edir. Yeni anlaşma üçün isə Azərbaycana qarşı gözləntilər 2 il öncə irəli sürülüb".

Xatırladaq ki, 2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması üçün danışıqlar gedir. Artıq sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəldiyi bildirilir. Sazişin ilin sonuna kimi imzalanacağı gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldova Aİ ilə assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzalamağa hazırlaşır.

Bəs, assosiativ saziş ilə hərtərəfli sazişin fərqi nədir?

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov bildirdi ki, assosiativ razılaşma Aİ-nın “Şərq Tərəfdaşlıq” proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin gömrük, sərhəd idarə olunma sistemi, böyük korporasiyaların ölkəyə gəlişi və ölkədə iş qurması şəffaf olmalıdır, hamısı Aİ-nın tələblərinə uyğun təşkil olunmalıdır: “Təbii ki, ”Şərq Tərəfdaşlığı" proqramı yaranan vaxtdan 6 ölkəyə eyni cür yanaşılırdı və heç bir ayrı-seçkilik yox idi. Onlar fikirləşirdilər ki, həm Avropa Birliyinin iqtisadiyyatı, həm də həmin ölkələrin iqtisadiyyatı üçün bu Assosiativ razılaşma imzalandıqdan sonra çoxlu sərfəli iqtisadi təkliflər ola biləcək. Xüsusən həmin “Şərq Tərəfdaşlığı” ölkələrinin məhsullarının Avropa bazarlarına çıxışı istiqamətində çox ciddi addımlar atılmalıydı. Bu prosesin özü gecikib. Baxmayaraq ki, bu gün Ukrayna, Gürcüstan, Moldova “Şərq Tərəfdaşlığı” proqramı ilə Assosiativ razılaşmanı imzalayıblar, ancaq onların özündə belə, o proses çox uzun gedir. Demək olmaz ki, bu gün Assosiativ razılaşmanı imzalayan ölkə ilə hərtərəfli əməkdaşlıq razılaşmasını imzalayan ölkə arasında ciddi bir fərq var. Elə bir ciddi fərq yoxdur. Çünki prosesin özü çox ləng gedir.

Azərbaycan isə strateji əməkdaşlıq haqqında razılıq imzalamaq istəyir. Təxminən Avropa ittifaqının Rusiya ilə imzaladığı razılaşmaya yaxın bir razılaşma nəzərdə tutulur. Çünki Azərbaycan yeganə “Şərq Tərəfdaşlığı” proqramı ölkəsidir ki, Avropa İttifaqı ilə razılaşma imzalamaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə ayrıca sənəd imzalayıb. Yəni Avropanın enerji təhlükəsiziliyi prosesində Azərbaycanın üstün rolunu və eyni zamanda öhdəliklərini göstərir.

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının 4 əsas prinsipi var, Azərbaycan onların heç birini kənara atmayıb. Yəni birinci əsas bənd insan hüquqları, demokratiya və yaxşı idarəetmə ilə bağlı bənddir. Mən də Avropa İttifaqının əməkdaşları ilə görüşlərimdə onlar etiraf edirlər ki, heç kim o bəndi razılaşmadan çıxarda bilməz. Ümumiyyətlə, bu barədə söhbət gedə bilməz. Ancaq əsas qırmızı xətt enerji təhlükəsizliyidir. Yəni bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün önəmlidir".(musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top