Rusiya sərhədçiləri Mustafa Nayemi İrəvana buraxmadı - Ermənilər ayağa qalxdı


Ukrayna parlamentinin deputatı Mustafa Nayem Ermənistanın paytaxtı İrəvanda təşkil edilən beynəlxalq tədbirdə iştirak etmək üçün bu ölkəyə səfər edib. Lakin, İrəvanın "Zvartnos" hava limanında Rusiya sərhədçiləri tərəfindən ölkəyə buraxılmayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, sərhədçilər Mustafa Nayemə "arzuolunmaz şəxs" olduğunu və bu səbəbdən də ölkəyə girə bilməyəcəyini deyiblər.
Daha sonra məlum olub ki, Mustafa Nayem Ermənistan dövləti tərəfindən deyil, Rusiya tərəfindən "arzuolunmaz şəxs" elan olunub. O da məlum olub ki, daha əvvəl də "Zvartnos" hava limanında Ukrayna vətəndaşlarına qarşı analoji addımlar atılıb.
Bu hadisə Ermənistanda narazılığa səbəb olub. Bir qrup qeyri hökumət təşkilatı (QHT) təmsilçiləri bəyan ediblər ki, Rusiya sərhədçilərinin bu hərəkəti Ermənistanın suverenliyinə qəsddir.
Məlumat üçün bildirək ki, Rusiya və Ermənistan arasında bağlanan dövlətlərarası müqaviləyə əsasən Ermənistanən quru (Türkiyə və İran) və hava sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur.
Ermənistan mətbuatında yer alan məlumatlardan belə görünür ki, Ermənistana gələn əcnəbilərin ölkəyə daxil olub-olmamasına Ermənistan Təhlükəsizlik Xidməti qərar verir və bu,  "Ermənistan Respublikası ərazisində Rusiya sərhəd qoşunlarının statusuna dair" iki ölkə arasında bağlanmış müqavilənin ikinci və dördüncü maddələrinə əsasən tənzimlənir.
QHT-lərin bəyanatında bildirilir ki,milliyətcə puştu olan ukraynalı millət vəkili Mustafa Nayemin ölkəyə buraxılmaması qanuna zidd addımdır. "Bu qanunsuz hərəkət Ermənistan qanunvericiliyinə ziddir və insanların hərəkət azadlığını birmənalı şəkildə pozur. Rusiyanın Ukraynaya ilə olan münasibətlərinə Ermənistanın daxil edilməsi yolverilməzdir", - deyən QHT təmsilçiləri bəyan ediblər ki, Ermənistan üçün arzuolunmaz şəxslərin siyahısı yalnız Ermənistanın səlahiyyətli orqanları tərəfindən tərtib edilə bilər.
QHT nümayəndələr tələb edirlər ki, Mustafa Nayemin ölkəyə girişinə qadağa qoyanlar barəsində istintaq aparılmalıdır. Onlar Ermənistan hökumətindən tələb edirlər ki, İrəvanın "Zvartnots" hava limanında başqa bir ölkənin sərhədçilərinin olmasına yol verilməsin.

DİGƏR XƏBƏRLƏR

Top