Qaza limit tətbiq olunması əhəmiyyətlidir, çünki abonenetlər qaza qənaət edir - Deputat


Qazın güzəştli tariflərlə istehlak limitinin artırılması məsələsi elektrik enerjisinə də şamil edilsə, yaxşı olardı.

Bunu Yeniavaz.com - a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Onun sözlərinə görə, limit təyin olunan zaman bir az yüksək götürülməlidir ki, aztəminatlı təbəqənin nümayəndələrinə təsiri az olsun: "Düşünrəm ki, qaz limitinin 500 kubmetr artırılması çox yerində və düzgün atılmış addımdır. Ümumiyyətlə qaza limitin tətbiq olunması da əhəmiyyətli haldır. Çünki bu zaman abonentlər tərəfindən qaz istehlakına qənaət edilir. Buna misal də çəkmək olar. 2016-cı ildə ölkədə abonentlər tərəfindən qaz istehlakı 3 milyard kubmetrdən artıq idi. Ancaq limit tətbiq olunduqdan sonra, 2018-ci ilin sonunda isə bu göstərici 2 milyard 700 milyon kuba enib. Bu onu deməyə imkan verir ki, abonentlərin özləri də qazdan daha qənaətcil istifadə etməyə başlayıb".

A. Badamov bildirib ki, limitə 500 kubmetrin əlavə olunması insanların rifahının yaxşılaşmasına xidmət edəcək bir haldır: "Limitin qaldırılması məsələsi elektrik enerjisinə də şamil edilsə yaxşı olardı. Ümumiyyətlə bu limit təyin olunan zaman bir az yüksək götürülməlidir ki, aztəminatlı təbəqənin nümayəndələrinə təsiri az olsun".

Qeyd edək ki, Azərbaycanda qazın güzəştli tariflərlə istehlak limiti artırılaraq illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb. Tarif Şurasının iclasında qəbul edilən qərar bu gündən - 1 maydan qüvvəyə minir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top