Bu gün qəbul imtahanı keçirilir


DİM tərəfindən əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilir. Yeniavaz.com DİM-ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də :

– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;

– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;

– xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçirilir.

İmtahanlarda 20325 nəfər, o cümlədən fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə qüsurlu) 34 abituriyent iştirak edəcək. Fiziki məhdudiyyətli abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunur.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

İmtahanda 20325 (Bakıda 9464, Naxçıvanda 985, Gəncədə 2635, Şəkidə 1044, Bərdədə 1363, Göyçayda 867, Şirvanda 1320, Lənkəranda 1583, Xaçmazda 1064) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 44 ümumi imtahan rəhbəri, 145 imtahan rəhbəri, 1668 nəzarətçi-müəllim, 44 bina nümayəndəsi ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top