Dələduzluğun ümumiyyətlə iqtisadi fəaliyyətlə əlaqəsi yoxdur - EKSPERT


"İqtisadi cinayətlərin təsnifatında dəyişiklik etməyə ehtiyac var. Çünki Azərbaycanda  insanların dələduzluq, yaxud qanunsuz sahibkarlıq maddəsi ilə tez-tez məsuliyyətə cəlb edilməsi praktikası var".

Bunu Yeniavaz.com-a iqtisadçı ekspert Natiq Cəfərli ötən il qeydə alınmış 26381 cinayətin 11979-unun iqtisadi sahədə törədilən cinayət olması faktına münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, dələduzluğun iqtisadi fəaliyyətlə ümumiyyətlə əlaqəsi yoxdur, ancaq təsnifatda iqtisadi sahədə törədilmiş cinayət kimi göstərilir: "Bu səbəbdən də iqtisadi sahədə qeydə alınan cinayətlərin sayı çoxluq təşkil edir".

Onun sözlərinə görə,qanunsuz sahibkarlıq sözünün təsnifatının və qanunvericilikdə təsnifinin yenidən baxılmasına ehtiyac var: "Qanunsuz sahibkarlıq bəlli qadağan olunmuş sahələrə aid edilməlidir. Məsələn, orqan və narkotik maddələrin ticarəti, bu tip qanunla qadağan olunan, böyük cinayət sayılan sahələrə aid olunmalıdır. Əgər insanlar hansısa formada fəaliyyət göstərirlərsə, istehsalla məşğul olurlarsa, xidmət sahəsində çalışırlarsa və bunun qeydiyyatı ilə bağlı problemlər yaşanırsa, bunu qanunsuz sahibkarlıq kimi qeyd etməkdə heç bir yarar yoxdur. Əksinə elə bir şərait yaradılmalıdır, elə sadələşdirilmiş qeydiyyat strukturları formalaşdırılmalıdır ki, elə insanlar bilmədən qanunsuz sahibkarlıqla məşğul olmasınlar".

N. Cəfərli diqqətə çatdırıb ki, ölkədə qanunların öyrənilmə səviyyəsi çox aşağıdır: "Üstəlik şəxsi vəkillik institutu da yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində hər bir insanın şəxsi vəkili var. Müqavilələr bağlayarkən, iş fəaliyyəti qurarkən həmin vəkillər hüquqi yardım göstərirlər. Bizdə belə təcrübə olmadığına görə, həmçinin insanlar qanunları bilmədiyindən onlar qanunsuz sahibkarlıq kateqoriyasına aid edilirlər. Hərçənd, burada böyük bir cinayətdən söhbət getmir. Yəni onların qeydiyyata alınması, qanuniləşdirilməsi  o qədər də böyük problem deyil. Ona görə də təsnifatlara, qanunsuz sahibkarlıq məsələsinə yenidən baxmaq lazımdır. Qeydiyyatla bağlı problemlərin olduğu yerlərdə, məsələn, vətəndaş bilərəkdən və ya bilmədən biznesini qeydiyyata aldırmayıbsa, bunu qeyri-qanuni sahibkarlıq kimi qiymətləndirmək doğru deyil. Ümumiyyətlə bunu cinayət təsnifatından çıxarmaq lazımdır. Əslində burada cinayət işi yoxdur. Onu az miqdarda cərimələmək mümkündür. Təsnifatlara yenidən baxılmasına, qanunvericlikdə müəyyən dəyişikliklərin edilməsinə ciddi ehtiyac var".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin 2018-ci ilin yekunları üzrə hesabatına əsasən, əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26381 (2017-ci il ilə müqayisədə 268 fakt və ya 1% çox) cinayət qeydə alınıb. Qeydə alınmış cinayətlərin strukturunda 4794-ü (2017-ci il ilə müqayisədə 108 və ya 2,3% çox) şəxsiyyət əleyhinə, 11979-u (-845; -6.6%) iqtisadi sahədə törədilən, onlardan 11712-i (-982; -7,7%) mülkiyyət əleyhinə, 6710-u (+594; +9,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 884-ü (+212; +31.5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Məftun Salmanov

DİGƏR XƏBƏRLƏR

Top