"Dilqəm və Şahbazla görüş baş tutarsa, Ermənistan tərəfi..." - Deputatdan SƏRT MÖVQE


"Bəlkə də razılaşmaya əsasən, erməni əsirlərinin ailə üzvləri Azərbaycana gələrək, onları ziyarət edə biləcəklər. Ancaq Dilqəm Əsgərovun və Şahbaz Quliyevin ailə üzvlərinin ora səfər etməsi ilə bağlı heç bir söz deyə bilmərəm".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Sonxeber.az-a əsir və girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri ilə görüşünün baş tutmasına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib.
Millət vəkili Dilqəm və Şahbazın öz torpaqlarına gedərkən erməni hərbiçiləri tərəfindən həbs olunduqlarını əlavə edib:

"Bu da hüquq müstəvisində həll olunacaq bir məsələdir. Ailə üzvlərinin görüşündənsə, Dilqəm və Şahbazın qanunsuz həbs olunduqlarına görə azad olunmalarını istərdim. Girovluqda olan vətəndaşlarımızın azad olunma məsələsini erməni tərəfi əsassız şəkildə uzadır. Azərbaycanın mövqeyi isə, heç bir tərəfdə əsirlərin və həbs olunmuş vətəndaşların qalmamasıdır".

A.Mirzəzadə Azərbaycan torpaqlarının Ermənistana heç bir aidiyyatının olmadığını qeyd edib:

"Əgər girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri ilə görüşü işğal olunmuş torpaqlarda baş tutarsa, artıq həmin ərazilərin Ermənistan tərəfindən işğal olunması öz təsdiqini tapacaq. Azərbaycanın 30 ilə yaxın müstəqil dövlətçilik tarixi var. Azərbaycan Ermənistanın təxribatlarından özünü və milli maraqlarını qorumaq üçün çox ciddi sistem yaradıb. Ermənistanın yeni hakimiyyətinə gəldikdə isə, Paşinyan və onun komandası siyasi xal yığmaq üçün əhalisinə vəddlər verir. Çünki cəmiyyət Paşinyanı hakimiyyətə sosial problemlərinin həlli üçün gətirib".

Qeyd edək ki, Rusiya mətbuatı Ermənistan və Azərbaycan xarici işlər Nazirlərinin Moskvada görüşü haqda maraqlı detalları açıqlayıb. Qarşılıqlı razılaşmaya əsasən hər iki ölkə məhbusların yaxınlarının ziyarətlərinə icazə verəcək. Ancaq bu ziyarətin harada baş tutması olduqca gizlin qalıb. Girovluqda olan Azərbaycan vətəndaşlarının ailə üzvləri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə Ermənistanda görüşə bilməz. O zaman bu görüş harada baş tutacaq. Bu ziyarətin də məhz ATƏT-in Minsk Qrupunun nəzarəti ilə baş tutuacağı haqqında Rusiya mətbuatı məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top