Abşeron RİH-dən toy günü evi uçurulan sakinlə bağlı AÇIQLAMA - YENİLƏNİB

Abşeron rayon İcra Hakimiyyəti rayonun Saray qəsəbəsində fərdi yaşayış evinin qanunsuz sökülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, ev Abşeron rayon İcra Hakimiyyəti tərəfindən sökülməyib: "Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır.

Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Bir jurnalist özünün “facebook” səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilərək qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi. Təəssüf ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb".


***17:39
Abşeronun rayonunun Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib. 

Yeniavaz.az xəbər verir ki, R.Hüseynov demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:
"Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə olaraq Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Hələ üstəlik də əlavə 1000 manat da onlara "şirinlik" verməli idim. Mənə dedilər ki, bu pullar Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var".
Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:
"Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurtadacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər".
R.Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb.
"Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var", - deyə İcra Hakimiyyətindən bildirilib.

***16:00
Abşeronun rayonunun Saray qəsəbəsində sabah toyu olacaq şəxsin evi dağıdılıb.

Yeniavaz.com xəbər verir ki, bu haqda foto və xəbəri sosial şəbəkədə jurnalist İlkin Pirəli paylaşıb. O, bildirib ki, icra başçısı İradə Gülməmmədova sabah toy keçiriləcək evi uçurulması göstərişini verib: 
"Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər”.
Xəbərdə bildirilir ki, gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb və ailə 1999-cu ildən həmin evdə yaşayırmış.


DİGƏR XƏBƏRLƏR

Top