Ölkəmiz ilk dəfə olaraq Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunub - FOTO

 
Aprel ayının 1-dən 4-dək Bolonya şəhərində (İtaliya) 56-cı Beynəlxalq Uşaq Kitabı Sərgisi keçirilib. Sərgidə 75 ölkədən 1200-dən çox iştirakçı, 25.000 nəfər beynəlxalq peşəkar satış nümayəndəsi və 700 jurnalist iştirak edib.
Sərginin ilk günündə Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY-nin) Milli bölmələri üzvləri üçün konfrans təşkil edilib. Eyni zamanda, yeni kitabların satışı, alışı və bir çoxlayihələrin həyata keçirilməsi ilə bağlı şirkətlər arasında müqavilələr bağlanıb, kitabların yayımlanmasında beynəlxalq hüquqlar əldə olunub. Konfransda İBBY-nin yeni bir layihəsi - "BMT: Davamlı inkişaf məqsədli Kitab Klubu" haqqında söhbət açılıb.

Sərgidə Azərbaycan nümayəndə heyətini Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq  Kitabxanası və "Şərq-Qərb" nəşriyyatının  əməkdaşları təmsil ediblər. 
F.Köçərli adına Respublika Uşaq  Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə xanım Dadaşova Yeniavaz.com-a bildirib ki, Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi bu gün dünya kitab sənayesinin canlı ünsiyyət üçün ən yaxşı tədbirdir. Təcrübəli yazarlar üçün bu, böyük şansdır. Bolonya Sərgisində ən yaxşı uşaq kitabına Bologna Ragazzi mükafatı verilir. Paralel olaraq ən yaxşı uşaq yazıçı və illustratoruna Astrid Lindqren və Hans Xristian Andersen mükafatı təqdim olunur.
Sərgidə son illərdə ölkəmizdə çap olunmuş ədəbiyyatı nümunələri, Azərbaycan incəsənəti və tarixinə aid ən gözəl tərtibatı olan kitablar nümayiş olunurdu. "Bərpanəşr" layihəsi üzrə 47 kitab, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşrlərindən olan "Hər çiçəyin öz ətri", "Türk dünyasının nağıl bağı", "Əsrarəngiz Misir nağılları" kitabları maraqla qarşılandı. Stenddə Azərbaycanla bağlı hazırlanmış videoslayd, Azərbaycan uşaq nağılları əsasında hazırlanmış aplikasiyalar, divarda çəkilmiş "Türk dünyasının nağıl bağı" şəkili sərgiyə olan marağı bir qədər də artırdı.

Kitab Sərgisində Rusiyanın aparıcı nəşriyyatlarından olan "Egmont Rusiya", "Rosmen", "Flamingo"nun əməkdaşları bizim sərgi ilə yaxından maraqlandılar. Sonra onların iştirakı ilə  A. Usaçevin, Krapivinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri ilə bağlı müzakirə aparıldı. Qonaqlar bizə müxtəlif janrlarda, xüsusən, Anton Lomayev, İqor Oleynikov, Viktoriya Fomin də daxil olmaqla, rus rəssamlarının illustrasiyaları ilə geniş çeşidli kitablar bağışladılar.
I Aprelin 2-də Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisi çərçivəsində uşaq və yeniyetmələr üçün ədəbiyyatın təbliği məqsədilə təsis olunan Astrid Lindqren Memorial Mükafatının (ALMA) növbəti təqdimetmə mərasimi baş tutdu. Azərbaycan nümayəndə heyətinin də qatıldığı tədbirdə münsiflər heyəti tərəfindən cari il üzrə mükafatın qalibi yazar Bart Moyert (Belçika) elan olundu.  Məlumat üçün deyək ki, geniş oxucu auditoriyasına sahib olan Bart Moyert indiyədək çoxsaylı mükafatlara layiq görülüb və o, 50-dən çox kitabın müəllifidir. Əsərləri 20-dən çox ölkədə nəşr olunub.
Beynəlxalq nüfuza malik bu mükafata hər il Azərbaycandan da uşaq yazarlarının, illustratorlarının namizədliyi təqdim olunur.
Sərgi çərçivəsində həmçinin Bolonya Beynəlxalq Kitab Sərgisinin təsis etdiyi mükafatın qalibləri də açıqlandı. 43 ölkədən təqdim edilmiş, ümumilikdə 1558 əsər arasından uşaqlar üçün bədii ədəbiyyat nominasiyası üzrə yazar Vojtek Masek (Çexiya), elmi ədəbiyyat üzrə İzabel Minhos Martins (Portuqaliya), yeni  yazar nominasiyası üzrə Cessika Lav (ABŞ), yeni üfüqlər nominasiyası üzrə Deyvid Hokni və Martin Geyford (Böyük Britaniya), məktəbəqədər uşaqlar üçün nominasiyası üzrə Barbara Kastrio Urio (İspaniya) qalib elan olundular.
Qeyd edik ki, ilk Bolonya sərgisi 1963-cü ildə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top