Dünyanın yalnız bu bölgəsində insanların hamısı internetdən istifadə edir - SİYAHI


Dünyada 4 milyard 346 milyon 562 min nəfər internetdən istifadə edir. Bu isə o deməkdir ki, dünya əhalisinin (7 milyard 753 milyon) yarıdan çoxu - 56,1%-i internet istifadəçisidir.
Yeniavaz.com İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats-İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, ən çox internet istifadəçisi Cənubi Amerika ölkələrində yaşayırlar. Belə ki, Cənubi Amerikada yaşayan insanların 89,1%-i (326,6 milyon nəfər) internet istifadəçisidir. Avropada internetdən istifadə edənlər ümumi əhalinin 82,9%-nə (718,2 milyon nəfər), Avstraliya və Okeaniyada 68%-nə (28,4 milyon nəfər), Latın Amerikası və Karib bölgəsində 66,6%-nə (438,2 milyon), Yaxın Şərq ölkələrində 65,8%-nə (170 milyon nəfər), Asiyada 51,7%-nə (2,191 milyard nəfər), Afrikada isə 35,9%-nə (474,1 milyon nəfər) bərabərdir.
Dünyada əhalinin 100% internetlə təmin olunduğu bölgə Antarktida hesab olunur. Antarktidada internetdən istifadə etməyən yoxdur.
İnternet istifadəçilərinin ən çox olduğu ölkə isə Norveç hesab olunur. Bu ölkədə əhalinin 99,2%-i internetdən istifadə edir. Bundan başqa internet istifadəçilərinin sayının çox olduğu ölkələrin başında İslandiya (99%), Lixtenşteyn (98,4%), Bermud (98%), Estoniya (97,7%) kimi ölkələr gəlir.
Afrika qitəsində internetdən ən çox istifadə olunan ölkə Kenya hesab olunur. Kenyada internetdən istifadə edənlər ümumi əhalinin 83%-ni təşkil edir. Bundan başqa Asiyada Yaponiya (93,5%) Cənubi Amerikada Aregentina (93,1%), Şimali Amerikada ABŞ (95,6%), Yaxın Şərqdə BƏƏ (96,9%) internet istifadəçilərinin sayına görə ilk sıralarda yer alıblar.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda ümumi əhalinin təxminən 7 milyon 999 min nəfəri və ya 79,9%-i internetdən istifadə edir.  MDB və region ölkələri arasında internetdən istifadə edənlərin sayının ümumi əhaliyə nisbətinə görə, Azərbaycan Ukraynadan sonra ikinci sırada yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top