Paşinyanın Putinə hesabat verməsi erməniləri razı salmadı


Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Vladimir Putinlə telefonla danışığı haqda rəsmi məlumat ətrafında qalmaqal yaranıb.

Rəsmi məlumatda Paşinyanın Putinə görüş barədə “məlumat verməsi” ifadəsi sonradan dəyişdirilərək “danışıb” kimi düzəldilib. Erməni politoloq  Armen Qasparyan isə baş nazirin mətbuat xidmətinin rəsmi məlumatının sonradan dəyişdirilməsini təəccüblə qarşılayıb:

“Qeyri-rəsmi olaraq yerli həmkarlarım mənə izah etdilər ki, dəyişiklik onunla bağlıdır ki, mətnin ilkin versiyasında Ermənistanın öz “rəisinə” görüş barədə məruzə etməsi təəssüratı yaranırdı. Ermənistan isə suveren dövlət olduğu üçün bu cür məzmun milli hisslərin təhqiri demək olardı və bu səbəbdən mətn yenidən yazılıb”.

Bununla belə, Qasparyan qeyd edib ki, artıq 30 ildir ki, Levon Ter-Petrosyan daxil olmaqla bütün prezidentlərin dövründə mətnlər bu cür yazılıb və heç kəs buna görə narahat olmayıb. Politoloq deyib ki, artıq mətnin dəyişdirilməsinin də heç bir mənası yoxdur. Çünki Kremlin rəsmi saytında mətn əvvəlki formada qalır.

“Bu yolla baş nazir Nikol Paşinyan özü rüsvay olur. Bu da çox təəccüblüdür. Onların yerinə olsaydım, belə etməzdim”, - deyə Qasparyan bildirib.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top