Quşların adı niyə dəyişdi? - İnstitutdan AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu quşların adının dəyişdirilməsi məsələsinə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, İnstitutun direktoru Elman Yusifov Oxu.Az-a açıqlamasında bildirib ki, quşların adının dəyişdirilməsi Elmi Şuranın qərarıdır:

“Biz hazırda milli faunanın informasiya sisteminin yaradılması üzərində çalışırıq. İlk olaraq onurğalılardan başlamışıq. Azərbaycan faunasında 710 onurğalı heyvan növü var. Onlardan ən böyük problem quşların adı ilə bağlı yaranıb.

Faunada 400 quş var və bəzilərinin adlarında böyük problemlər var. Müxtəlif mütəxəssislər öz məqalələrində quşların adını fərqli yazır.

Məsələn, bir mütəxəssis quşun adın torağay, digər isə turağay yazır. Bu cür yazılan adların sayı çoxdur. Hər bir canlının bir adı olmalıdır. Bütün problemləri nəzərə alaraq Elmi Şura qərar qəbul etdi ki, bu adlar təftiş edilsin.

Bunun üçün komissiya yaradıldı. Bu komissiyada tək Zoologiya İnstitutunun əməkdaşları deyil, Bakı Dövlət Universitetinin Onurğalılar zoologiyası kafedrasının işçiləri və digər mütəxəssislər də iştirak etdi. Quşların adlarını birlikdə dəqiqləşdirdik və qərara aldıq ki, ümumi bir kollegial konsensus variant hazırlayaq”.

“Quş növünün adını verən zaman orada bir neçə prinsip nəzərə alınır. Bir prinsip yerli folklor əsasında verilir, digəri isə onun latın adını tərcümə edilib yazılır. Mütəxəssislərin bir qismi təklif edir ki, quşun çöhrəsində müxtəlif rənglər var, adı alaçöhrə olsun, digər deyir ki, o, qanadlarını tez-tez açdığı üçün cəhrəyə oxşayır.

Digər mütəxəssis isə həmin quş suya batıb çıxdığına görə batağan adlandırılmasını təklif edir.

140 quşun adının dəyişdirilməsi məsələsi təklif edilmişdi, Elmi Şura isə qərara aldı ki, cəmi 20 quşun adı dəyişdirilsin. Biz müxtəlif fikirləri nəzərə alıb, bu problemin həll olunması üçün təklif verdik”, - deyə direktor qeyd edib.

Elman Yusifov qeyd edib ki, quşların adının dəyişdirilməsi hələ ki təklifdir: “Quşların adlarının dəyişdirilməsi barədə sənəd Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasına təqdim ediləcək. Yalnız Komissiya o adları təsdiq edəndən sonra dəyişiklik qəbul edilib təsdiqlənəcək”.

DİGƏR XƏBƏRLƏR

Top