
Ermənistan İŞİD terror qruplaşmasından Azərbaycana qarşı istifadə edə bilər.
Bunu Yeniavaz.com-a keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx İŞİD terror qruplaşmasının maraqlarını Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə doğru hərəkət etdirdiyini bildirmişdi.
Sözügedən məsələyə münasibət bildirən Q. Hüseynli Ermənistanın İŞİD terror qruplaşmasından Azərbaycana qarşı istifadə edə biləcəyini deyib: “Ermənistan həmişə Yaxın Şərqdəki terror qruplaşmaları ilə əlaqədə olub. ASALA erməni terror təşkilatının da əsası Livanda qoyulub. "Hizbullah", Fələstin Azadlıq Təşkilatı ilə ciddi əlaqələri olub. İndi də İŞİD darmadağın olub, onun tör-töküntüləri müxtəlif ərazilərdə gizlənmək istəyirlər. Və görününr ASALA və Ermənistanın xüsusi xidmət orqanları onları öz ərazilərində saxlamaqla Azərbaycana qarşı istifadə etmək istəyirlər. Bu informasiyada həqiqət payı nə qədər olduğunu bilmirəm. Amma onu deyə bilərəm ki, İŞİD terrorçu qruplaşma kimi İŞİD Ermənistana hava və su kimi lazımdır”.
Politoloq, həmçinin İŞİD-in Ermənistanda təlim düşərgələri olan PKK terror təşkilatı ilə də yaxın əlaqələrinin olduğunu vurğulayıb: “Rusiya İŞİD-in Əfqanıstan vasitəsilə Qazaxıstana da keçə biləcəyini iddia edir. Amma burada Ermənistan ehtimalı daha yüksəkdir. Çünki İŞİD PKK terror qruplaşması ilə yaxın əlaqədə olub. PKK-nın da həm Ermənistanda, həm də Dağlıq Qarabağda təlim düşərgələri var. Bu düşərgələrə İŞİD-çilər gətirilə bilər. İŞİD Ermənistan ərazisinə gətirilsə, bu məni təəccübləndirməz”.
Şahmərdan Əhmədli
Tətbiqimizi yükləyə bilərsiniz