Əli İnsanovun eks partiyadaşı DANIŞDI - "Nazir olan vaxtı həkimlərin çoxu onu söyürdü"


"Əli İnsanov səhiyyə naziri olan vaxtı həkimlərin çoxu onu söyürdülər. Deyirdilər ki, Əli İnsanov çox qəddar və əzazil adamdır, heçnədən adamları əzməyə çalışırdı. Yəni, nazir olan vaxtı belə insanların Əli İnsanova münasibəti mənfi olub".

Yeniavaz.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) məşhur “91-lər”dən olan üzvü Ömər Eldarov bildirib. 
Ömər Eldarov Əli İnsanovla heç zaman münasibət saxlamadığını söyləyib:
"Baxmayaraq ki, hər birimiz YAP-dan Milli Məclisdə deputat kimi təmsil olunmuşuq, ancaq onunla heç bir əlaqəm olmayıb. Milli Məclisdə olanda belə, onunla söhbət etməmişəm. Nazir olanda belə onunla yaxın olmamışam".
Rektor deyib ki, hazırda Əli İnsanovun qızı Azərbaycan Rəssamlıq Akademiyasında ikinci təhsilini alır:
"Əli İnsanovu tanımasam da, qızını yaxşı tanıyıram. Hazırda onun qızı bizim tələbəmizdir. Çox istedadlı və gözəl qızı var. Ziyalı adamdır, yaxşı rəssamdır".
Ömər Eldarov Əli İnsanovu mərhum Heydər Əliyevin ailəsindən üzr istəməyə də çağırıb:
"O gərək mərhum Heydər Əliyevin ona etdiyi yaxşılıqları unutmasın. O, azadlığa çıxan kimi mərhum Heydər Əliyevin məzarını ziyarət etməli idi. Mən Əli İnsanovun bu cür əməllərini pisləyirəm. Gərək o belə etməyəydi. Bu gün onun kimi adamlar çoxdur. Ancaq mən ömrüm boyu onun hərəkətlərini etməzdim. Axı nəyə lazım idi belə etmək?! Ümumiyyətlə, Əli İnsanov nazir olanda da özünü "əlçatmaz" kimi aparırdı, digər nazirlərdən özünü üstün sayırdı, özündən çox razı idi. Belə ağır xasiyyətləri var idi".

DİGƏR XƏBƏRLƏR

Top