Azərbaycanda həkimin əməliyyat etdiyi xəstə: "Sağ ayağım 5 sm yerə çatmır" - İDDİA


Ucar şəhər sakini Əhmədov Hüseyn Canpolad oğlu iddia edir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri, professor, tibb elmləri doktoru Qələndər Canbaxışov pulunu alıb və yanlış cərrahiyyə əməliyatı nəticəsində onu ömürlük şikəst edib.
O, Yeniavaz.com-a verdiyi açıqlamasında bildirir ki, əməliyyat ötən il sentyabrın 27-də olub və 7 aydır ki şikəstdir: “Ayağımda topuğun qamış sümüyü sınmasına görə Qələndər həkimə müraciət etdim. O da 800 manat pul alıb məni cərrahiyyə əməliyatı etdi. Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır. Məsələ ilə bağlı həmin xəstəxananın baş həkiminə müraciət etdim və məlum oldu ki, bu həkimin günahıdır. Qələndər həkim mənə məsləhət gördü ki sən intensiv masaj terapeyası keçməlisən ki, ayağındakı şikəstlik düzəlsin. Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası olmadı. Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular. Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və s. xərclərlə məni borca salsalar da sağalmamağım mənə iki qat ziyan vurdu”.
Ə. Hüseyn həmçinin iddia edir ki, o, dəymiş ziyanı həkimdən tələb etsə də, professor buna məhəl qoymayıb: “Ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım yoxdur. Çəkdiyim xərci Qələndər Canbaxışovdan qaytarmasını istəsəm də mənə rədd cavabı verib dedi ki, xoşun gəlmir get şikayət et. Bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə vətəndaşı şikəst etdiyi azmış kimi, hələ ona minnət də qoyur. Buna isə cəzasızlıqdan azğınlaşma deyilir”.

Məsələ ilə bağlı Qələndər Canbaxışova Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Əhmədov Hüseynin dedikləri tamamilə cəfəngiyyatdır: “Xəstənin özündə də, bizdə də əməliyyatdan əvvəl və sonra çəkilmiş rentgenlər var. Orada əməliyyatın heç bir qüsuru yoxdur. İstənilən ekspertə həmin rentgenləri təqdim edə bilərlər”.
Həkim bildirdi ki, xəstədə bu problem hazırda da mövcuddur və bunun da tək səbəbkarı şikayətçinin özüdür: “Onun problemi nevrolojidir. Əməliyyatdan sonra pəncəsini işlətməyib və nəticədə pəncədə hərəkət məhdudluğu qalıb. Mən həmin adama sual vermək istəyirəm ki, balaca iz topuğu sümüyünün sınması ilə ayaq necə 5 sm qısala bilər? 5 sm qısalması üçün ayaq topuğu tamamilə kəsilməlidir. Onun ayağında qısalıq yoxdur. Sadəcə dabanı tam yerə basmır deyə ayağı göydə qalır. O pəncəsini işlətməlidir. Pəncənin arxasından gedən axır vətərində büzüşmə əmələ gəlib”.
Həkim şikayətçinin masaj terapeyası ilə bağlı iddiasına isə belə cavab verib: “Masaj terapeyası ilə düzəlməsə axır vətər uzadılmalıdır. Mən onun özünə də hər şeyi izah etmişəm”.
Qələndər Canbaxışov daha sonra bizə xəstənin əməliyyatdan öncə və sonra çəkilmiş rentgenlərini təqdim edərək bildirdi ki, istənilən müstəxəssis bu rentgenlərə baxaraq əməliyyatın düzgün aparıldığına şahid ola bilər.​



Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top