AZAL-ın alacağı 10 ədəd "Boeing 737 MAX 8" təyyarələri Avropaya buraxılmayacaq?


Çexiyanın "Smartwings" aşağı büdcəli aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarələri Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) qüvvəyə minən direktivi səbəbi ilə Avropa İttifaqının (Aİ) hava məkanına buraxılmayıb.
Bu barədə çərşənbə günü jurnalistlərə məlumat verən aviadaşıyıcının nümayəndəsi Vladimir Dufkova bunun təyyarələrin havada olduğu zaman baş verdiyini söyləyib.
Onun sözlərinə görə, təyyarələr məcburiyyətdən Tunisdə və Ankarada eniş etməli olublar: "Bu iki təyyarədə olan yüzlərlə sərnişini təyinat nöqtəsinə çatdırmaq üçün başqa laynerlər göndərilib".
Şirkət rəsmisi əlavə edib ki, "Smartwings"in aviaparkı 7-si "Boeing 737 MAX 8" tipli olmaqla, təxminən, 50 sərnişin təyyarəsindən ibarətdir. "Boeing"lərdən müvəqqəti olaraq istifadə edilməyəcək", - o əlavə edib.
Xatırladaq ki, martın 10-da Efiopiyada baş vermiş təyyarə qəzası nəticəsində 157 nəfər ölüb. Əddis-Əbəbədən Nayrobiyə doğru uçan "Boeing 737 MAX 8" Efiopiya paytaxtından, təxminən, 60 km cənub-qərbdə (Bişoftu şəhəri yaxınlığında) yerə düşüb.
Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Aİ ərazisində "Boeing 737 MAX 8" və "Boeing 737-9 MAX" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.
Bundan əlavə, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, İndoneziya və Cənubi Koreyanın aviaşirkətlərində "Boeing 737 MAX 8" təyyarələrinin uçuşları dayandırılıb. Eyni zamanda ABŞ Federal Aviasiya İdarəsi hələlik "Boeing 737 MAX" təyyarələrinin uçuşlarını qadağan etməyəcəyini açıqlayıb. "Boeing" şirkəti isə bu tip təyyarələrin təhlükəsizliyinə əmin olduğunu qeyd etməklə yanaşı, tənzimləyicilərin uçuşların dayandırılması barədə qərarını anlayışla qarşıladığını vurğulayıb.
Məlumat üçün bildirək ki, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyarə gətiriləcək. 
AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq deyib ki, “Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra Azərbaycan Respublikasının milli aviadaşıyıcısı “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır.
AZAL-ın prezidenti deyib ki, “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır: "Biz “Boeing” korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq" – deyə C.Əsgərov qeyd edib. (report)

DİGƏR XƏBƏRLƏR

Top