Abbas Bağırovun adı keçən dələduzluq işində mübahisə - "Səni mən saxlamışam da, ay yazıq"


Tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Yeniavaz.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Azər İsgəndərov ifadə verib. 

Şahid bildirib ki, Orxan Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub.

"Mən Xətaidən bu hadisədən iki həftə əvvəl 11 min manat almışdım. Alacağım evə ilkin ödəniş edəcəkdim. Sonra Xətai mənə dedi ki, pul lazımdı. Dedi ki, bir nəfər onu DİN-ə işə düzəldəcək. Biz Xətainin evinin yaxınlığında görüşdük. Xətai pulu məndən alıb 1000 manatını ayırdı. Sonra pulun üstünə 5 paçka yüzlük də qoyub Orxana verdi"- deyə şahid Azər Isgəndərov qeyd edib.

Daha sonra şahid qismində Vəfa Nadirova ifadə verib.

Deyib ki, təqsirləndirilən Orxanı bacısı Maman Nadirovanın evində görüb: "Bacım bir dəfə məndən 1500 azn istəmişdi. Demişdi ki, pulu Orxanı müdafiə eləməsi üçün vəkilə verəcək".

Məhkəmə şahiddən ifadə verməkdən əvvəl kimdənsə təzyiq görüb-görmediyini soruşub.

Vəfa Nadirova deyib ki, məhkəmədən əvvəl Xətai Yusibov onun xeyrinə ifadə verməsini istəyib.

Bu zaman tərəflər arasında mübahisə başlayıb. Zərərçəkmiş Xətai Yusibov deyib ki, Vəfa Nadirova ona mesaj yazıb: "Mesaj yazıb ki, 1000 manat versəm mənim xeyrinə ifadə verəcək. Buyurun, mesaj baxa bilərsiniz".

Məhkəmədə şahid qismində Nərmin Bayramova da dindirilib.

O, Xətai Yusibovu tanıdığını bildirib: "Xətai vəkil kimi mənim işimi də görüb. Mənim ona 1000 manat verəcəyim var idi. Gəlib məndən əlavə min manat da istədi. Xətai bizimlə lotoreya da oynayırdı. Pulunu verdim getdi".

Həbsdə olan Orxan Mehrəliyev isə Nərmin Bayramovanı yalançı şahidlik etməkdə ittiham edib.

Bu zaman Orxanla Xətai arasında mübahisə başlayıb. Zərərçəkmiş Xətai təqsirləndirilən Orxanı yalan danışmaqda ittiham edib.

Orxan Mehrəliyev isə bunları deyib: "Bir bu Xətaini ayağa qaldırın yerisin. Ona arxadan baxaq ki, bu kimdir. Mən bunun nəyinə atacaqdım? Bu kimdir ki? Yalançı şahidləri üzümə danışdırıb, məni tutdurdu".

Bu sözlər Xətai Yusubovu qəzəbləndirib: "Ay bədbəxt, mənim maşınlarım, evlərim var. Səni mən adam eləmişəm. Hesabıma adam olmusan, indi məni bəyənmirsən. Səni mən saxlamışam da, ay yazıq. Acından ölürdün də".

Məhkəmədə şahid İbrahim Əliyev də ifadə verib. O deyib ki, Abbad Bağırova məxsus qaraj indi onun adınadır. 

Şahid bildirib ki, qaraja görə başlayan mübahisədən az da olsa məlumatı var: "Abbasla Orxanın münasibəti yaxşı idi. Sonra münasibetleri pozuldu. Qaraj Orxanın adına idi. Sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim".

Xətai Yusibovun hüquq şirkəti olub və ödənişlə hüquqi yardım göstərib.

Orxan Mehrəliyevlə də bu vasitə ilə tanış olduğunu deyən Xətai Yusubov nazirliklərdən birində hüquq şöbəsində işə düzəlmək üçün 52500 manat pul verib:

"Orxan mənə Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya olduğunu dedi. Bu işi də Orxanın polkovnik qohumu Rizvan Abbasov düzəldəcəkdi. Orxan mənə dedi ki, qiymət 100-150 mindir. Sonradan 80 minə qədər düşdü. Sonuncu razılığımız isə 60 min oldu. Əvvəlcə 50 min verdim. Sonra isə 2500 verdim".

İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

O.Mirəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.

İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top