Yeniavaz.com-un xəbərindən sonra nazirlik əməkdaşları nənə və nəvələrinə baş çəkiblər - FOTO + VİDEO


Bir həftə əvvəl yeniavaz.com saytı Binəqədi rayonunun Biləcəri qəsəbəsində 2 nəvəsi ilə birgə çətin vəziyyətdə yaşayan Reyhan Balabəyova barəsində video-reportaj hazırlayaraq yayımlamışdı. Bu video-reportaj yayımlandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları Reyhan Balabəyovanın yaşadığı evə baş çəkərək, ailənin problemlərilə maraqlanıblar. Bu gün bu barədə açıqlma verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı qeyd edib ki, sosial mediadan Binəqədi rayon sakini Reyhan Balabəyovanın rayonun Biləcəri qəsəbəsində 2 nəvəsi ilə birgə çətin vəziyyətdə yaşadığını öyrəndik və ailəyə nazirliyin səlahiyyətləri çərçivəsində göstərilə biləcək mümkün köməklikləri müəyyən etmək üçün əməkdaşlarımız onların yaşadıqları ünvanda oldular.
Nazirlik sözcüsü əlavə edib ki, R.Balabəyovanın özünün çoxuşaqlı olması səbəbindən vaxtından tez (57 yaş) yaşa görə aylıq müavinət (130 manat), nəvələrinin hər birinin isə ailə başçısını itirməyə görə aylıq sosial müavinət (2 uşağa 160 manat) almaq hüquqlarının olduğu müəyyən edilib: "Həmin müavinətlərin onlara təyin edilməsi və bu hüququn yarandığı gündən hesablanaraq ödənilməsi üçün müvafiq sənədləşdirmə işləri aparılır. R.Balabəyova qısa müddətdə zəruri sənədləri toplayaraq təqdim edəcəyini bildirib. Eyni zamanda, Reyhan xanıma işləmək istəyi nəzərə alınaraq, onun “İşsizin DOSTu” proqramına cəlb edilməsi qərara alınıb. O, yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq".

 

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top