"İki dəfə adıma 200 və 250 min dollar pul götürdülər" - Beynəlxalq Bank işinin məhkəməsindən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Yeniavaz.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mənsur Zeynalov ifadə verib. 
"İntertekstil" fabrikində aşpaz köməkçisi işləmiş Qasımova Arzu şahid qismində ifadə verib: "Şakir müəllim bizə dedi ki, şəxsiyyət vəsiqəsini gətirin banka gedəcəksiz. Sonra da bir avtobus adam, təxminən 15-20 nəfər getdik banka, qol çəkdik, gəldik'.

"İntertekstil" fabrikinin xadiməsi vəzifəsində çalışmış Abbasova Mehriban 2008-ci ildən orada işlədiyini deyib: "2010-cu ildə bizi banka apardılar ve bəzi sənədlərə qol çəkdik. Başqa heç nədən xəbərim yoxdur'.

Fabrikdeə usta kimi işləmiş Mehdiyev Mehdi isə ona eyni məzmunlu təklifi fabrikin baş mühəndisi Allahverdiyev İlham edib: "O dedi ki, Şakir müəllim gedib sənədlərə qol çəkməmiz barədə göstəriş verib. Ayrı-ayrılıqda iki dəfə adıma 200 və 250 min dollar pul götürdülər. Bizə deyirdilər ki, bu pullar fabrikin inkişafına xərclənəcək".

Məhkəmə İlham Allahverdiyevə daha əvvəl bu barədə ifadə verməsini ve Mehdiyev Mehdinin dediklərindən xəbərsiz olması barədə dediklerini xatırladıb. 

Fabrikdə növbə rəisi vəzifəsində çalışmış Namazov Paşa ifadəsi zamanı bildirdi ki, onları banka aparanda hər şeyi fabrikin gələcəyi üçün etdiklərini deyiblər: "Elə bir ab-hava yaranmışdı ki, hamımız fabrikə yeni avadanlıqlar alınacağı üçün sevinirdik. Sonra gördük ki, hamısı boş söhbət imiş".



Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

DİGƏR XƏBƏRLƏR

Top