“Mən və həmkarlarım Xocalı faciəsini dəhşətli cinayət kimi qəbul edirik" - Rusiyalı deputat


“Mən və həmkarlarım Xocalı faciəsini dəhşətli cinayət kimi qəbul edirik. Çünki Xocalıda öldürülən hər bir uşaqla birgə Azərbaycan gələcəyinin bir parçası məhv edilib”.

Bunu Rusiya Dövlət Dumasının üzvü, Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev digər həmkarı Konstantin Zatulinin Xocalı qurbanlarının anım mərasimlərində rusiyalı millət vəkillərinin iştirakına dair söylədiyi fikirləri şərh edərkən dilə gətirib.

“Bizim deputatlar Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş “Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı, ümumi bu günün inkişafı” adlı illik konfransına dəvət olunmuşdu. Ertəsi gün Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirildi. Bu, rəsmi tədbirdir. Ölkələrimiz arasında qardaş münasibətlərini daha da gücləndirmək və genişləndirmək üçün əlindən gələni əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevlə bu matəm yürüşündə bir sırada addımladığıma görə fəxr edirəm. Xocalı faciəsinin rəmzi olaraq ucaldılmış “Ana harayı” abidəsinə gül çələngi qoyduq. Yürüş iştirakçıları “Xocalını unutmayın!”, “Xocalıya ədalət!” şüarlarını daşıyırdılar. Bu şüarları cənab Zatulin anti-erməni hesab edib”, – D.Savelyev deyib.

Xocalı qırğınında soyqırıma aid bütün əlamətlərin olduğuna dair bir çox ekspertlərin qənaətinə şərik olan rusiyalı millət vəkili bunu istər KİV-də, istərsə də Rusiya Dövlət Dumasında dəfələrlə səsləndirdiyini bildirib: “Belə düşünən təkcə mən deyiləm. Misal kimi, Dövlət Duması beynəlxalq işlər komitəsinin sədr müavini İrina Rodnina tərəfindən ifadə olunan bu fikri gətirmək istərdim: “Xocalı hadisələri təkcə Azərbaycan xalqının fəciəsi olaraq qalmamalı, Rusiyanın, başqa ölkələrin insanları tərəfindən də dərk edilməlidir. Xocalı hadisələrinin cinayət olduğunu getdikcə daha çox ölkələrin tanıdığını görərək bunu labüd hesab edirəm. Gec-tez haqq-ədalət qələbə çalmalı, bu faciəni törədənlər müttəhim kürsüsünə əyləşməlidirlər”.

Rusiyalı deputat fikirini belə tamamlayıb: “Bəzi qəribə hadisələrlə bağlı cənab Zatulinə suallar vermək istərdim. Elə cənab Zatulinin iştirakı ilə Moskvada “Lazarev klubu”nun ikinci iclasına Azərbaycanın işğal olunan ərazisindəki qondarma qurumdan gələrək klub üzvlərinə “Artsax respublikasının iqtisadiyyat və istehsalat infrastrukturu naziri” qismində təqdim edilən birisinə sözü gətirirəm. Görəsən, belə əməllər Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik missiyası ilə bir araya sığırmı? Bunu Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə dövlətimizin dəfələrlə verdiyi bəyanatları ilə necə uzlaşdırmaq olar? Bəlkə bu kimi hərəkətlərin məqsədi Rusiya ilə Ermənistan əməkdaşlığı ilə baş qatmaqla, əslində, Rusiya ilə Azərbaycanın arasını vurmaqdan ibarətdir?” (report)

DİGƏR XƏBƏRLƏR

Top