"Yusif atasını və qardaşını oyatmağa cəhd göstərsə də, onlar ayılmayıb" - Xaçmazdakı yanğından


Xaçmaz rayonunun Yalama kəndində iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. Martın 6-da saat 23:30 radələrində qeydə alınan hadisə nəticəsində 1984-cü il təvəllüdlü Əjdər Qədirov və 5 yaşlı oğlu Taleh yanaraq ölüblər.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yalama inzibati ərazi dairəsi üzrə nümayəndəsi Reyhan Aslanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisə baş verən zaman evdə Əjdər Qədirovun Yusif adlı digər oğlu da olub. Ayılaraq evdə yanğın olduğunu görən Yusif atasını və kiçik qardaşını oyatmağa cəhd göstərsə də, onlar ayılmayıb. Bundan sonra Yusif evi tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülsə də, evdə qalan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirovun və övladı Taleh Qədirovun yanmış meyitləri aşkarlanıb.

İcra nümayəndəsi bildirib ki, hadisə zamanı həlak olan Əjdər Qədirov spirtli içkilərə meyilli həyat tərzi yaşayıb. O, üç oğul və bir qız atası olub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top