Qayınatasını döyən 5 qat dünya çempionunun məhkəməsi keçirildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yeniavaz.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə idmançının uşaqları ilə görüşməsində icraçı və hadisənin şahidi Alıyev Vüqar dindirilib. O bildirib ki, hadisə Behruz Dilbazinin E.M-a təhqirəramiz ifadələr sərf etməsi nəticəsində başlayıb: "Ehram Məcidov gəldikdən sonra B. Dilbazinin ve yoldaşının otaqdan çıxmasını istədi. Necə oldusa onların arasında sözlü münaqişə başladı ve B. D təhqiredici sözlər sərf etməyə başladı. Nəticədə E. M Bəhruz Dilbazini döyməyə başladı.'
Təqsirləndirilən şəxsin vəkilinin verdiyi sual əsasında o bildirib ki, E. M-un əlində 'beşbarmaq' olmayıb. 
Daha sonra diger icraçı Bəxtiyar İsmayılov dindirilib. 
Ancaq məhkəmə onun ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildirib. Belə ki, o istintaqa verdiyi ifadəsində hadisənin canlı şahidi olduğunu desə də, məhkəmədə bunu təkzib edib. Məlum olub ki, şahidin istintaqa verdiyi ifadənin altındakı imza ona məxsus deyil. 
Daha sonra hadisə zamanı qonşu otaqlarda olan digər icraçılar da dindirilib. Eyni hal onların da ifadəsi zamanı baş verib. 
Məhkəmə prosesi martın 11-nə təxirə salınıb. 
Qeyd edək ki, E.Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.
E.Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından iki övladı olub. Uşaqlar ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşaqların xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla heyat yoldaşı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.
Son dövrdə isə E.Məcidov övladları ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqlarla görüşməsi ilə bağlı mübahisə ediblər.
İddiaya görə, E.Məcidovun keçmiş qayınatası B.Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.

DİGƏR XƏBƏRLƏR

Top