Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Osmanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında bildirib ki, A.Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib. Dövlət ittihamçısı qeyd edib ki, bu əməllərinə görə ona cəza təyin edilə bilməz. Çünki cəza təyin etmə müddəti başa çatıb.
Prokuror A.Osmanovun Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məlum olub ki, zərərçəkmişlərlə A.Osmanov arasında barışıq əldə edilib.
Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.