Deputatların maaşları yenə artırılacaq? - Açıqlama

Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin əməkhaqları ilə yanaşı, ezamiyyət xərclərinin artırılmasına dair xəbərlər yayılıb.

Yayılan xəbərlərə görə, millət vəkillərinin ezamiyyət xərclərinin aldıqları əməkhaqlarının 100 faizinə qədər yüksəldiyi və hazırda deputatların orta hesabla 5 000 manatdan artıq maaş aldıqları iddia olunur.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.

“Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz növbəsində yayılan xəbərləri təkzib edib:

“Belə bir məsələ yoxdur. Ancaq gələcəkdə olması da istisna deyil. Çünki bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər. Amma hələlik heç bir artım yoxdur”.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də millət vəkillərinin əməkhaqlarında artımların baş verməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını diqqətə çatdırıb:

“Hansı 5000 manatdan söhbət gedir? Hamısı yalandır, belə bir məsələ yoxdur”.

Məlumat üçün bildirək ki, millət vəkillərinin maaşı sonuncu dəgə ötən ilin may ayının 4-də "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna edilən dəyişikliyə əsasən artırılıb. Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

DİGƏR XƏBƏRLƏR

Top