Müğənni İradə Mehrinin dələduz qardaşının işində şahidlər dindirilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Yeniavaz.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rizvan Abbasov ifadə verib. 

O bildirib ki, təqsirləndirilən şəxs onun qaynıdır. 

Daha əvvəl Daxili Qoşunlarda çalışdığını deyən R.Abbasov söyləyib ki, zərərçəkmiş Xətai Yusubovu işə düzəldəcəyi vədi verməyib: "Mən Xətaini istintaq dövründə üzləşmə zamanı tanımışam. Ondan nə pul almışam, nə də işə düzəldəcəyimi demişəm. Bu barədə söhbət belə olmayıb".

Zərərçəkmiş X.Yusubov qeyd edib ki, təqsirləndirilən O.Mehrəliyev pulu ondan alan zaman R.Abbasovla danışıb: "Hələ mən də Orxanla onun işlədiyi idarənin qarşısına getmişəm. Orada Orxan içəri gedib, Rizvan Abbasovla danışdı. Hələ Rizvan Abbasovla da aramızda telefon danışıqları və "vatsap" yazışmaları olub. Lakin cinayət işində bu barədə qeyd edilməyib".

Suallara cavab verən R.Abbasov söyləyib ki, daha əvvəl O.Mehrəliyev bir adamın işə düzəlməsi üçün ondan xahiş edib: "Mən də dedim ki, rəhbərlikdən soruşaram, əgər iş varsa müraciət edər. Lakin Xətainin mənə pul verməsi, ona hər hansı vəd verməyim yalandır. Xətai bizim rəhbərliyə də bu barədə şikayət ərizələri yazmışdı. Rəhbərlik də mənlə danışdı".

Şahid Daxili Qoşunlardan ayrılma səbəbinə aydınlıq gətirib. O, səhhətində problemlər olduğu üçün işdən öz ərizəsi ilə çıxdığını bildirib. 

Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib. 
 
Qeyd edək ki, O.Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

Həmçinin, o, müğənni A.Bağırova məxsus, qarajı Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

Cinayət materialına görə, O.Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq, onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq, onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

O.Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Xatırladaq ki, O.Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top