“Gəncə-2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılış mərasimi keçirilir


“Gəncə-2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilir. 2018-ci ildə Gəncənin idman sahəsində ən böyük uğurlardan biri şəhərin 2019-cu il üçün Avropanın İdman Şəhəri tituluna namizədliyinin verilməsi və “ACES Europe” (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası) təşkilatı tərəfindən bu titulun təsdiq edilməsi olub.

Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Nizami yurdunda “Gəncə-2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılışına həsr olunan təntənəli tədbir keçirilir Açılış mərasimində Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak edirlər.

Tədbirdə Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən, həmçinin xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış “Karvan” filminin təqdimatı olacaq.
Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top