Hadi Rəcəbli: "Feysbukda fikirlərimi təhrif edib öz istədikləri kimi 180 manat söhbətini atdılar"

 
"Mən dedim ki - bu səs yazısı, görüntü feysbuk səhifələrində də var - əlbəttə, 180 manatla dolanmaq çətindir. Bir də bu sözü xüsusi vurğulayıram: çətindir. Amma əgər bir ailədən iki nəfər çalışarsa və ya bir nəfər iki yerdə işləyərsə, bununla dolanmaq olar. Biz deməmişik ki, əla yaşamaq olar. Biz nə demişik? 180 manat minimum əmək haqqıdır da. Mənim sözlərim təhrif olunub".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Musavat.com-a veridiyi müsahibəsində millət vəkili Hadi Rəcəbli deyib.
Deputat bildirib ki, parlament iclasındakı çıxışında ehtiyac meyarı 143 manat olanda 30 min əlavə ailəyə ünvanlı yardım veriləcəyini deyib: "Bu da yaxşı haldır. Mənim digər dediklərimi kəsib yaydılar ki, Hadi Rəcəbli deyir 143 manat normaldır. İndi də feysbuk səhifələrində görüntü ilə səslənən fikirlərimi təhrif edib öz istədikləri kimi 180 manat söhbətini atdılar. Bunları kim yayır? Bizim yaxşı işlərimizi bəyənməyən, hər işin içərisində pis nəsə axtaran adamlar. Bu gün mənim masamın üzərində bir kitab var, onu oxuyuram. Nikolay Starikovun “Vlast” (“Hakimiyyət”) kitabı. Bu kitabda da yazılır ki, hakimiyyət uğrunda mübarizə aparanda zəif tərəfin adamları yaxşı ideyaları danışmırlar, mənfi ideyaları qabardırlar. İndi baxın, təəssüf ki, bizim içərimizdə olan bəzi adamlar da populizm xətrinə mənfi ideyaları qabardır. Axı, sən bu xalqın içərisindəsən, sən də xalqı təmsil edirsən. İndi siz təsəvvür edin ki, bu qədər yaxşı işlərin içərisində kimsə bilərəkdən təhrif edərək, cümlənin əvvəlini sonunu kəsərək başlayır ki, Hadi Rəcəbli filan sözü belə dedi. Sən yaxşı işlərdən danış! Prezidentimiz sağ olsun ki, bu qədər vəsait ayırdı, bu qədər cəsarətli, xalqa xidmət edən addımlar atdı, bunlardan yaz da!".

DİGƏR XƏBƏRLƏR

Top