Özündə 939 səs birləşdirən yeni musiqi aləti - FOTO


Mingəçevirli musiqiçi Qurban Məmmədov öz ixtirası ilə görənləri heyran edib. Texnikaya, elektrotexnikaya marağı olan sənətkar 40 ildən artıq qarmon müəllimi kimi çalışır. Qurban Məmmədov bu dəfə daha bir yeniliyə imza atıb. O, bu dəfə qarmona artıq 939 səs yığıb.
Qeyd edək ki,bir neçə il bundan öncə qarmona 512 səs yığmışdı. Q. Məmmədov Mingəçevirdəki Uşaq Gənclər İnkişaf Mərkəzinin musqi  müəllimidir. Deyir ki, əvvəllər yaxşı səsi olub, bir müddət müğəni kimi çalışıb. Səsi batdıqdan sonra meylini qarmona salıb. 40 ildən artıqdır ki, şirmayi dilli qarmon Qurban Məmmədovun sinəsində dilə gələrək nəğmələr çələnginə yeni havalar qatır. Sənətkar qarmona öz adına uyğunlaşdırıb “Qurmanayzer”adını verib. Həmsöhbətimiz tam əminliklə bildirir ki, yer kürəsində analoqu olmayan bir qarmondur.
“Yer kürəsində belə ikinci bir qarmon olsa mən öz qarmonumu pay verməyə hazıram”, – deyən Qurban müəllim bildirdi ki, bu, onun öz ixtirasıdır: “Bunu özüm yığmışam. İki il bunu fikirləşmişəm və 3 ay müddətinə yığmışam. Bu qarmonun qeyri-adi özəlliyi ondadır qarmonun öz səsindən əlavə müxtəlif alətlərin səslərini özündə cəmləşdirib. Qarmona əvvəlcə  512 orijinal səs yığmışdım. İndi isə artıq qarmonda 939 səs var. İstəsən bu qarmonu darta-darta həmin səslərdən istifadə edib çala bilərsən, istəsən heç dartmayıb ifa edərsən. Bu qarmonu söküb yarısı ilə də ifa etmək mümkündür. Bu qarmon bir toyun bütün musiqi alətlərini özündə birləşdirir. Sintezatorda olmayan səslər mənim qarmonumda var”.

“Toylara gedirsinizmi, bu musiqi alətinə münasibət neçədir?” sualımıza həmsöhbətimizin cavabı belə oldu: “Toylara da  gedirəm ,rusiyanın müxtəlif şəhərlərinə də gedirəm. Və bu qarmon görənləri çox maraqlandırır. Bu qarmonla ad günündə, adi bir şənlikdə tək ifa etmək mümkündür. Amma toyda, nişanda tək əldən yaxşı səs çıxmaz, ona görə müşayiət olanda daha gözəl alınır. Qarmonun bu formada yığılmasını öyrənmək istəyənlər çoxdur, amma çox qəliz məsələdir. Bu linza ilə işlənilən bir işdir. Buna hər kəsin səbri çatıb işləməz. Hər gün bunun üstündə 5-6 saat işləmişəm. Bunun elə bir sirri var ki, inanmıram ki, ikincisini kimsə düzəldə bilsin. Onu da deyim ki, xərci mənə 3 min manata başa gəlib. Həm də ki, hər bir qarmona bu səsləri yğımaq olmaz. Çünki bizim bütün alətlərimiz analoq sistemləri ilədir. Ancaq mən bunu midi sistemə yığmışam”.
Sifarişlər olurmu sualına həmsöhbətimiz bildirdi ki, həddindən artıq sifərişlər var: "Sözün düzü bu sənətə qarşı məndə bir az qısqanclıq var. İstəmərəm ki,bu alət ikinci bir adamda olsun. Amma tam səmimi demək istəyirəm ki, mən bunu ancaq sənətinə böyük pərəstiş etdiyim, özünə hörmət bəslədiyim Xalq artisti Ənvər Sadıqov üçün yığaram. Çünki inanıram ki, o, bu qarmonu yaşadar”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top