Bəhram Bağırzadə Tağıyevə Bakıda heykəl qoyulmasını istədi - VİDEO


Əməkdar artist Bəhram Bağırzadə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı prezidentlə kiçik bir dialoq yaşayıb:“Cənab prezident, hörmətli Mehriban xanım. Mən üzr istəyirəm, bu gün səmimi çıxışıma görə. Heç vaxt sizin qarşınızda çıxış etməmişəm”.  Prezident isə bildirib ki, buna səbəb onun uzun müddətdir KVN-çilərlə görüşməməsidir.
Yeniavaz.com xəbər verir ki, aktyor prezidentdən  Bakıda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib:
“İlk növbədə, mən ağsaqqallarımızdan və ağbirçəklərimizdən üzr istəyirəm. Rəhmətlik atam mənə deyərdi ki, həmişə ağsaqqallar, ağbirçəklər olan yerdə danışma, sus, qulaq as, söz verilsə, onda danışarsan. Ona görə hamınızdan dəfələrlə üzr istəyirəm. Hətta zalın 60 faizi mənim müəllimlərimdir. Hansılar ki, mənə vaxtilə dərs deyiblər. Hamınıza minnətdaram. Sizə də, cənab Prezident, öz minnətdarlığımı bildirirəm ona görə ki, mənə efir vasitəsilə hər zaman dərs demisiniz. Həmçinin siz də, Mehriban xanım”.
“Bu gün mən problemlər haqqında danışmaq istəmirəm. O demək deyil ki, mənim problemlərim olmayıb. Müəyyən həyat məqamlarında problemlər olub, onları, şükür Allaha, Siz həll etmisiniz, istər 1995-ci ildə, istərsə də 2000-ci ildə. Özünüzün də xəbəriniz olmayıb, amma ətrafınızda olan insanlar mənim bütün problemlərimi həll ediblər. Ona görə mən sizə dərin təşəkkürümü bildirirəm. Fürsət olmamışdı, bu gün xalqımın qarşısında bunu edirəm.
Bir tərəfdən də, bilirsiniz, mənim “Instagram” və “Facebook” səhifələrimdə yarım milyona qədər izləyicim var. Bu günləri mən onlara çıxış etməliyəm, sözümü deməliyəm. Onlar mənə sual verəcəklər ki, Allah-Təala sənə fürsət yaratdı, cənab prezidentə bu xahişi, Elbay müəllim demişkən, xahiş yox, bir təklif kimi, Azərbaycan Respublikasının vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir.
Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı. Çox sağ olun, təşəkkür edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top