Xalq artisti Prezidentə müraciət etdi: “Maaşlarımız azdır...”


"Burada oturanlar bilirlər ki, bəlkə də biz yeganə xalqıq ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtarsın"

Yeniavaz.com xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib. Xalq artisti çıxışına belə davam edib:

"Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. İşlədiyim Musiqili Teatr, şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, cənab Prezident üçüncü kateqoriyadadır, üçüncü kateqoriyadadır. Mən sizə bir fakt gətirim ki, aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki balası, yoldaşı və özü "termos"u ilə, çayı ilə gəlir Konservatoriyanın qabağında dayanır. Uşaqların biri gedir dərsə, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Yəni demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, aktyorların maaşı və bir də evlə təmin olunması məsələsi. Aktyorlarımızın ev şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqı qurumunun inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var”.

DİGƏR XƏBƏRLƏR

Top