Cəfər Cabbarlının ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyi söküləcək, yerində çoxmərtəbəli bina inşa ediləcək. Artıq tikinti şirkəti ilə alqı-satqı müqaviləsi də imzalanıb.

Məlumatı virtualaz.org-a Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən təsdiqləyiblər. İdarədən sayta  göndərilən yazılı açıqlamada qeyd olunur ki, muzeyə məxsus tikililər və torpaq sahəsi 1998-2005-ci illər ərzində özəlləşdirilib, bundan nə Mədəniyyət Nazirliyinin, nə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin məlumatı olmayıb, rəsmi razılıq alınmayıb.

“Rəsmi sənədlərdə ev muzeyinin hələ də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu göstərilir. Belə olduğu halda bina necə satıla bilər”-sualına idarənin əməkdaşı bildirib ki, bina şəxsi mülkə çevrilib, sadəcə muzey kimi idarədə qeydiyyatdadır. Başqa sözlə, binanın satılması məsələsinə qarışa bilməzlər.  

Açıqlamada deyilir: “Son illər ərzində şəhərin dağüstü  hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib, muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir. Muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür”.

Daha sonra qeyd edilir ki, yaranmış vəziyyətlə əlaqədar Mədəniyyət Nazirliyinin 5 may 2010-cu il tarixli, 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanıb, 2 sentyabr, 2010-cu il tarixli,  435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

“Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən dəfələrlə Cəfər Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın. Yazıçının ev muzeyi daim idarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb”, -idarədən bildirilir.

Bəllidir ki, muzeyin nazirliyin və idarənin xəbəri olmadan özəlləşdirilməsi, satılması yolverilməzdir və bunun qarşısı qanunvericiliyə uyğun alına bilərdi. İdarə isə deyir ki, Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb. Halbuki ən böyük hörmətsizlik yazıçıya qarşı edilib, yaşadığı ev yerlə-yeksan olunur.

“2012-ci ildə Cəfər Cabbalının ailəsi tərəfindən idarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib”-açıqlamada bildirilir.

Açıqlamada deyildiyi kimi Baş İdarə ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayıb. Belə qərara alınıb ki, ev muzeyinin yerində tikiləcək çoxmərtəbəli binanın 1-ci mərtəbəsində dramaturqa yeni “ev muzeyi” alsınlar. Yəni nazirlik dramaturqun vaxtilə yaşadığı evi onun qohumlarına vəsait ödəməklə öz mülkiyyətinə keçirməyi sərfəli hesab etməyib, evin yerində tikiləcək yeni binada Cəfər Cabbarlı üçün yeni “ev muzeyi” almağı daha münasib sayıb.

“Baş İdarə Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb. Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq”,-açıqlamada qeyd olunur.

Virtualaz.org yazıçının  ev muzeyinin uçulub-dağıldığı haqda bu yaxınlarda  geniş reportaj vermişdi. Muzeyin direktoru, Cabbarlının qız nəvəsi  Qəmər Bağırova muzeyin təmir üçün bağlandığını, hətta bu dəfə əsaslı yenidənqurma işləri aparılacağını açıqlamışdı. Onun sözlərinə görə, muzeydəki eksponatlar yığışdırılıb ki, qorunsun. Xatirə lövhəsini də təmirə görə götürüblər, təmirdən sonra yerinə vurulacaq: “Muzeyin üst qatı şəxsi mülkdür, muzeydə yaşayış yoxdur”, -yazıçının nəvəsi belə demişdi.

Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin rəhbəri Azadə Hüseynova da nazirlikdə ev muzeyinin təmir işləri ilə bağlı məsələyə baxıldığını, yazıçının gələn ay qeyd ediləcək 120 illik yubileyinə kimi işlərin yekunlaşacağını söyləmişdi. Lakin indi nazirlik etiraf edir ki, ev muzeyi özəl şirkətə satılıb və söküləcək, yerində çoxmərtəbəli bina tikiləcək.

Həmin çoxmərtəbəli binanın qarşısında yəqin ki belə bir lövhə vurulması məntiqli olardı: “Bu binanın yerində əvvəllər Cəfər Cabbarlının evi olub”.

DİGƏR XƏBƏRLƏR

Top