Əhalinin banklara olan borcları bu cür silinəcək - İZAH


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Yeniavaz.com xəbər verir ki, fərmana əsasən 2012-ci il yanvarın 1-dən bugünə kimi banklardan 10 000 dollaradək və ya 17 min manatədək kredit alanlara və bu krediti vaxtında ödəməyən şəxslərə bir sıra güzəştlər olunacaq.

Həmin güzəştlər aşağıdakı kimi tətbiq olunacaq:

1. 2012-ci il yanvarın 1-dən bugünə kimi banklardan alınan və vaxtında geri qaytarılmayan 10 000 dollaradək və ya 17 min manatədək kreditlər üçün hesablanan faizlər və cərimələr ləğv olunacaq.

2.  2015-ci ilin fevralın 21-i tarixinə banklara 10 000 dollaradək borcu olan şəxslərin hər 1 dollar borcunun 25 qəpiyi (15 sent) dövlət büdcəsindən ödəniləcək.
Məsələn, bir şəxsin 21 fevralın 2015-ci il tarixində banklara 3 000 dollar kredit borcu varsa, həmin şəxsin bu tarixdən sonra banka ödədiyi və ya ödəyəcəyi məbləğin 750 manatı və ya 450 dolları güzəşt olunacaq. Belə ki, həmin şəxs 3 000 dolları artıq banka ödəyibsə 750 manat onun özünə qaytarılacaq, yox əgər ödəməybsə banka ödəniləcək. 

3. 2015-ci il 22 fevral - 21 dekabr tarixləri arasında banklardan 10 000 dollaradək kredit alan şəxslərin isə hər 1 dollar borcunun 60 qəpiyi (35 sent) dövlət büdcəsindən ödəniləcək.
Məsələn, bir şəxs 22 fevral - 22 dekabr 2015-ci il tarixləri arasında banklardan 3 000 dollar kredit alıbsa və həmin şəxsin bu tarixdən sonra banka ödədiyi və ya ödəyəcəyi məbləğin 1 800 manatı və ya 1 050 dolları güzəşt olunacaq. Belə ki, həmin şəxs 3 000 dolları artıq banka ödəyibsə 1800 manat onun özünə qaytarılacaq, yox əgər ödəməybsə banka ödəniləcək. 

4. 2012-ci il yanvarın 1-dən bugünə kimi banklardan alınan və vaxtında geri qaytarılmayan 10 000 dollaradək və ya 17 min manatədək kreditlər vaxtında geri qaytarılmayıbsa, əsas borcu ödəyə bilmək üçün banklardan illik 1% dərəcəsi ilə yeni kredit götürə biləcəklər.
Məsələn, bir şəxs 1 yanvar  2012-ci il tarixindən sonra bankdan 10 000 min dollar və ya 17 000 manat kredit götürüb və bunu vaxtında geri qaytarmayıbsa, onda həmin şəxslə yenidən 5 illik kredit müaviləsi bağlanacaq və illik 1% dərəcəsi ilə kredit ödəməyə başlayacaq.


 

DİGƏR XƏBƏRLƏR

Top