Bu il xəstəxanalara dərmanların fəsadları ilə bağlı neçə müraciət olub? - RƏSMİ


Bu ilin əvvəlindən indiyədək 56 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bunu Trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 18-i xəstəxanaya yerləşdirilib. Müraciət edənlərin 4-ü uşaq olub ki, onlardan da 3-ü stasionar müalicəyə qəbul edilib.

A.Maqsudov bildirib ki, bu il ərzində 4-ü uşaq olmaqla, 31 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib. Onların 14-ü (2-si uşaq olub) xəstəxanaya yerləşdirilib.

Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Xəstələrlə söhbətimiz zamanı, onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar: "Uşaqlar çox zaman evdə nəzarətsiz qaldıqda, dərman qəbul edirlər. Onlar adətən, nənə, babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərə qoyulsun".

DİGƏR XƏBƏRLƏR

Top