Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktorun məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əliövsəd Abbasovun sədrliyi ilə araşdırılacaq. Cinayət işi üzrə 6 zərərçəkmiş şəxs var. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. 

Qeyd edək ki, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. 

İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top